BAKI, 19 dekabr — Sputnik. "Əsirlərin dəyişdirilməsi məsələsi hər zaman Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların gündəmindədir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə "Azərbaycanla Ermənistan arasında əsirlərin "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi məsələsində hansı problem var" sualına cavabında bildirib.
"Biz bu mövzu ətrafında danışmışıq. Əsirlərin dəyişdirilməsi məsələsi danışıqların gündəliyində olur. Bu ilin aprel ayında Azərbaycan, Ermənistan və Rusiya nazirlərinin görüşü bu mövzuya həsr olunub. Bu görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib. Görüş zamanı tərəflər həbsdə saxlanılan şəxslərin yaxınlarının onlarla görüşə bilməsi barədə qarşılıqlı razılığa gəlib. Bildiyiniz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bu ilin iyun ayında Azərbaycan və Ermənistan vətəndaşları öz vətənlərinə dönüb. Biz olduqca vacib olan bu aksiyanı alqışlayır və buna həbsdə saxlanılan şəxslərin dəyişdirilməsi istiqamətində ilk adım kimi baxırıq. Digər əsrlərə dair də işlər aparılır. Əgər belə bir razılıq əldə olunsa, biz şübhəsiz ki, bunu dəstəkləyəcəyik", - deyə Zaxarova qeyd edib.