BAKI, 9 dekabr — Sputnik. Azərbaycan və Rusiyanın birgə yaratdığı müəssisələr iki ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirir. Bunu Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının Bakıda keçirilən XVIII iclasında komissiyanın həmsədri, Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin deyib.
Oreşkin Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının XVIII iclasında iştirak etmək üçün Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində "R-Farm" dərman istehsalı zavodunun açılışı olacaq, "Penopleks" izolyasiya materialı istehsalı zavodunun və "Mi" helikopterlərinin təmiri və texniki xidməti üçün xidmət mərkəzinin təməli qoyulacaq.
Hökumətlərarası İqtisadi Komissiyanın iclasının yekununda Oreşkin deyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər çox güclü iqtisadi zəminə malikdir.
"İki ölkə arasında aktiv qarşılıqlı fəaliyyət həm siyasətdə, həm də humanitar səviyyədə müşahidə olunur. Bu, strateji tərəfdaşlığın təsdiqidir. Biz sazişlərin praktiki icrası üzərində işləyirik. Əsas komponent beş yol xəritəsi üzrə görüləcək işlərdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskva səfəri zamanı əldə olunan altıncı yol xəritəsi ilə bağlı əldə edilən razılaşma da çox vacibdir". - deyə Oreşkin bildirib.
Rusiyalı nazir, eyni zamanda, ikitərəfli işgüzar şuraların yüksək səviyyədə olduğunu, 2019-cu ilin ilk 9 ayında ticarət dövriyyəsinin dörddə birə qədər artdığını qeyd edib.
Oreşkin hesab edir ki, Rusiya-Azərbaycan sərhəddində effektiv və keyfiyyətli infrastrukturun yaradılması işləri iqtisadi əlaqələrin əsas vəzifələrindən biridir.
"Yaxın gələcəkdə Samur çayı üzərində körpünün inşası başa çatdırılmalıdır. Bu, ticarətə və insanların hərəkətinə müsbət təsir göstərəcəkdir. Bundan əlavə, ortaq müəssisələrin inşası uğurla həyata keçirilir ki, bu gün açmağı planlaşdırdığımız ortaq dərman zavodu da bunlardan biridir", - deyə rusiyalı nazir bildirib.
Oreşkinin fikrincə, kənd təsərrüfatı və turizm sahəsindəki proqramların icrası, xüsusən də Xəzərdə kruiz gəmisinin işə salınması iqtisadi əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb edəcək.
Öz növbəsində, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev səfərlərin və yüksək səviyyəli görüşlərin ikitərəfli münasibətlərin dinamikasını qorumağa imkan verdiyini və yeni sazişlərin imzalanmasının onların daha da inkişafına töhfə verdiyini vurğulayıb.
"Rusiya Azərbaycanın əsas idxal tərəfdaşıdır və qeyri-neft məhsullarının ixracında birinci yerdədir. Ticarət və qarşılıqlı sərmayə Azərbaycan-Rusiya münasibətlərinin vacib istiqamətlərindən biridir", - Mustafayev deyib.
Onun sözlərinə görə, Azərbaycan Rusiya iqtisadiyyatına təxminən 1,2 milyard dollar sərmayə qoyub. Mustafayevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatına Rusiyadan 4,9 milyard dollar sərmayə qoyulub.
İki ölkə arasında qarşılıqlı investisiya sahəsində yaxşı dinamika müşahidə edilir.
Həmçinin, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi daim artır. 2018-ci ildə bu 19% idisə, bu ilin ilk on ayında 23% -ə çatıb. Mustafayevin sözlərinə görə, Azərbaycanda Rusiya kapitalı olan 950 şirkət fəaliyyət göstərir ki, bu da xarici kapitalı olan bütün şirkətlərin 10%-ni təşkil edir.
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, ölkələrimiz arasında 200 sənəddən ibarət etibarlı hüquqi baza mövcuddur. Azərbaycanın ilk ticarət nümayəndəliyi isə Rusiyada açılıb.
"Azərbaycan Rusiyanın regionda vacib ticarət tərəfdaşlarından biridir. Rusiyanın Cənubi Qafqaz regionundakı ticarətinin 45% -i Azərbaycanın payına düşür. Rusiya Azərbaycandan qeyri-neft məhsullarının ixracında birinci yeri tutur", - deyə Səfərov bildirib.
Hökumətlərarası Komissiyanın iclasının yekununda həmsədrlər - Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin arasında üç sənəd - iclasın protokolu, "Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksində əməkdaşlıq proqramı" və "2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramı" imzalanıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 22,5% artaraq 2.44 milyard dollara çatıb. Azərbaycan mallarının Rusiyaya ixracı 570 milyon dollar, Rusiya mallarının Azərbaycana idxalı 1.870 milyard dollar təşkil edib.