BAKI, 23 noyabr — Sputnik. "On il əvvəl iki ölkənin prezidentlərinin dəstəyi ilə bu tədbirə start verildi. Ötən illər ərzində forum bizim regionlararası əlaqələrimizin inkişafı üçün doğrudan da effektiv mexanizmə çevrildi".
Sputnik Azərbaycan Rusiya Federasiya Şurasının mətbuat xidmətinə istinadən bildirir ki, bu sözləri Şura sədri Valentina Matviyenko Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Kosmos" pavilyonunda keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclasında çıxışı zamanı deyib.
Valentina Matviyenko qeyd edib ki, Rusiya ilə Azərbaycanın qarşılıqlı-faydalı xarakter daşıyan tərəfdaşlıq münasibətləri dinc qonşuluq və bir-birinin maraqlarına hörmət prinsipləri üzərində qurulub.
"Münasibətlərimiz samballı hüquqi razılaşma bazasına əsaslanır. Hal-hazırda Rusiya ilə Azərbaycan arasında təxminən 140 dövlətlərarası və hökumətlərarası müqavilə və razılaşma qüvvədədir. Ötən il isə 2024-cü ilədək dövr ərzində Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Plan imzalanıb", - V.Matviyenko bildirib.
FŞ Sədrinin sözlərinə görə, bu proqram sənədi beş "yol xəritəsi"ni ehtiva edir.
"Son illər ərzində Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi sahəsində böyük işlər görülüb və biz artıq onun nəticələrini müşahidə edirik. Ötən ilin nəticələrinə görə, qarşılıqlı mal dövriyyəsi 14 faiz artaraq təxminən 2,5 milyard dollara çatıb. Rusiya qeyri-xammal məhsullarının ixracı və idxalı sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır", - V. Matviyenko bildirib.
O, həmçinin İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyətini də qeyd edib. Onun fikrincə, Milli İşgüzar Şuralar kooperasiyanın inkişafına böyük töhfə verir.
"İqtisadiyyatda əlaqələrimizi bundan sonra da möhkəmlətmək üçün regionlararası əməkdaşlıq mexanizmlərini maksimal dərəcədə işə salmalıyıq", - FŞ Sədri deyib. O bildirib ki, hazırda Rusiya Federasiyasının 72 subyekti Azərbaycanla ticari münasibətləri dəstəkləyir, bunlar arasında isə Moskva, Moskva vilayəti, Sankt-Peterburq, Çelyabinsk, Volqoqrad, Saratov, Nijeqorod və Həştərxan vilayətləri liderdir.
"Regionlararası əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsində parlamentarilər vacib missiya yerinə yetirirlər. Biz Rusiya Federasiyası Şurası və Azərbaycan Respublikasının Milli Məclisinin əməkdaşlığı üzrə Parlamentlərarası Komissiya çərçivəsində aktiv iş aparırıq. Komissiyanın növbəti iclasının bu ilin dekabrında Sankt-Peterburqda keçirilməsi barədə razılıq əldə edilib", - Matviyenko vurğulayıb.
O qeyd edib ki, bundan başqa, Rusiya və Azərbaycan millət vəkilləri arasında çoxtərəfli parlament təşkilatlarında da səmərəli qarşılıqlı əlaqə qurulub: "Biz Parlamentlərarası birlik, MDB ölkələrinin Parlamentlərarası Assambleyası, ATƏT Parlament Assambleyası və digər beynəlxalq parlamentlərarası strukturlar çərçivəsində sıx əməkdaşlıq edirik".
Xüsusilə hər iki ölkə, Matviyenkonun sözlərinə görə, MDB ölkələrinin Parlamentlərarası Assambleyasının iştirakçıları olan ölkələrin parlament rəhbərlərinin nasizmi təqdir etmənin və antihitler koalisiyası döyüşçülərinin xatirəsinin təhqir olunmasının yolverilməzliyi barədə bəyanatını dəstəkləyib.
Valentina Matviyenko həmçinin humanitar əlaqələrin, turizmin, mədəni dialoqun ikitərəfli inkişafının vacibliyini vurğulayıb.
Şura rəhbəri xatırladıb ki, gələn il Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi qeyd olunacaq: "Ümumi tarixi yenidən yazmaq cəhdlərinə, nasizm üzərində Qələbədə, Avropanın və bütün dünyanın qəhvəyi vəbadan azad edilməsində bizim xalqlarımızın rolunun danılması üçün edilən istənilən cəhdə qarşı qüvvələri birləşdirmək lazımdır".
Valentina Matviyenko ümidvar olduğunu bildirib ki, Forumda əldə edilən razılaşmalar Rusiya-Azərbaycan dostluğunun bundan sonra da möhkəmlədilməsinə xidmət edəcək, hər iki ölkənin və xalqın mənafeyi üçün qarşılıqlı-faydalı əməkdaşlığın inkişafına rəvac verəcək.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva isə öz çıxışında bildirirb ki, regionlararası əməkdaşlıq ikitərəfli əlaqələrin vacib tərkib hissəsidir.
"Ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır", - deyən M.Əliyeva qeyd edib ki, bunların daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.
"Sıx dostluq əlaqələri, qarşılıqlı səfərlər, ölkə başçılarının müntəzəm görüşləri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin inkişafına xüsusi dinamika bəxş edir. Sevindirici haldır ki, ölkələrimiz arasındakı çoxyönlü tərəfdaşlıq, demək olar ki, bütün sferaları əhatə edir", - Mehriban Əliyeva vurğulayıb.
Qeyd edək ki, plenar iclasın moderatorları qismində RF İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış ediblər.
Tədbirdə həmçinin Həştərxan və Rostov vilayətlərinin qubernatorları İqor Babuşkin və Vasili Qolubev də iştirak ediblər.
İclasda sənaye, gənclərin əməkdaşlığı, bank sferası və bir sıra digər sahələrdə ikitərəfli sənədlərin imzalanması mərasimi olub.