BAKI, 3 noyabr – Sputnik. Moskvada İnquşetiyanın ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri, polis mayoru İbrahim Elcarkiyev öldürülüb.
Sputnik Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, hadisə Rusiya paytaxtının Akademik Anoxin küçəsində baş verib. Naməlum şəxs avtomobildən düşən iki şəxsə yaxın məsafədən bir neçə dəfə atəş açıb. Nəticədə İbrahim Elcarkiyev aldığı güllə yaralarından hadisə yerindəcə ölüb. Qətlə yetirilən ikinci şəxs isə onun qardaşı olub.
İlkin məlumata görə, cinayətkarlar bir neçə nəfər olublar. Silahlı hücum “Lada Granta” markalı avtomobillə hərəkət edən naməlum şəxslər tərəfindən həyata keçirilib. Onlar avtomobili bir qədər aralıda ataraq qaçıblar. Cinayətkarların Moskva şəhərini tərk etdikləri də ehtimal olunur.
Qeyd edilir ki, bu ilin yanvarında Elcarkiyevə qarşı daha bir sui-qəsd olub. O zaman mayorun avtomobili atəşə tutulub. Nəticədə maşında olan iki polis və bir mülki şəxs yaralanıb. Elcarkiyev özü yaralanmayıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.