BAKI, 28 oktyabr — Sputnik. Rusiya hərbi polisi kürd silahlı qüvvələrinə onların əlində olan zirehli texnika ilə birgə Suriya-Türkiyə sərhədindən 30 kilometr məsafəyə uzaqlaşmasına yardım edir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu münaqişə tərəflərinin barışdırılması üzrə mərkəzin rəisi, general-mayor Sergey Romanenko bildirib.
O, xatırladıb ki, rusiyalı hərbçilər Suriya ərazisində Türkiyənin həyata keçirdiyi "Sülh bulağı" əməliyyatı zonasının kənarında da fəaliyyət göstərirlər. Romanenko qeyd edib ki, rus hərbçilər kürd yaraqlılara yerli vaxtla çərşənbə axşamı saat 18:00-a qədər yardım edəcək.
"Bundan sonra Rusiya – Türkiyə hərbçiləri sərhəddən qərb və şərqdə 10 kilometr dərinlikdə birgə patrul fəaliyyətinə başlayacaq", - deyə Romanenko vurğulayıb.
Kürd yaraqlıları digər ərazilərlə bərabər Menbiç və Tal-Rifatı da tərk etməlidirlər.
Qeyd edək ki, oktyabrın 22-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən danışıqların yekununda Memorandum imzalanıb.