BAKI, 28 oktyabr — Sputnik. Əgər İŞİD lideri Əbubəkr əl-Bağdadinin zərərsizləşdirilməsinə dair məlumat təsdiqlənərsə, onda ABŞ Prezidenti Donald Trampın beynəlxalq terrorizmlə mübarizəyə verdiyi ciddi töhfədən danışmaq olar. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov rəsmi Vaşinqtonun müvafiq məsələ ilə bağlı bəyanatını şərh edərkən bildirib.
"Öz-özlüyündə bu xəbər Rusiya rəhbərliyində neqativ reaksiyaya səbəb ola bilməz. Doğurdan da bizim hərbçilər ərazidə ABŞ təyyarələri, uçan pilotsuz aparatlar görüblər", - deyə Peskov əlavə edib.
Qeyd edək ki, İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi oktyabrın 27-si gecə saatlarında ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.
ABŞ Prezidenti Donald Tramp DNA testinin keçirildiyini və öldürülən şəxsin İŞİD terror təşkilatının rəhbəri olduğunun təsdiqləndiyini söyləyib: "Rusiyaya, Türkiyəyə, Suriyaya və suriyalı kürdlərə İŞİD terror təşkilatının liderinin öldürülməsində bizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Əbubəkr əl-Bağdadi bir qorxaq köpək kimi öldürüldü".