BAKI, 25 oktyabr — Sputnik. Rusiyanın "Suxoy Mülki Təyyarələr" şirkəti Norveçin "Norwegian Air Shuttle" loukosteri ilə 40 ədəd "Sukhoi Superjet 100" (SSJ-100) təyyarələrinin satışına dair memorandum imzalayıb.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, təyyarələrin Norveç şirkətinə satışı iki mərhələdə baş tutacaq. Birinci mərhələdə 10 ədəd "SSJ-100" təyyarələrinin lizinq əsasında "Norwegian Air Shuttle"ın Argentinada fəaliyyət göstərən törəmə şirkətinə təhvil verilməsi gözlənilir. Digər 30 təyyarə isə baş şirkətə veriləcək.
Bunun müqabilində isə Norveç aviaşirkətinə Avropa-Asiya - Trans-Sibir marşrutundan istifadə etməyə icazə veriləcək, eləcə də uçuşlara görə endirimlər ediləcək.
"Norwegian Air Shuttle" artıq bir neçə ildir ki, bu marşrutdan istifadə üçün icazə əldə etməyə çalışır. Aviaşirkət bununla bağlı Norveç hökumətinə də müraciət edib, lakin bu günə qədər heç nəyə müvəffəq ola bilməyib.
Sövdələşmə təsdiqlənərsə, onu "Arctic Aviation Assets" lizinq şirkəti maliyyələşdirəcək. Mənbələrin verdiyi məlumata görə, təyyarələr təxminən iki milyard dollara başa gələcək.