BAKI, 5 oktyabr — Sputnik. "Ermənistanın Baş naziri N.Paşinyanın təxribatçı və sərsəm bəyanatı Azərbaycan Prezidenti İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi.
Qarabağ Azərbaycandır! Tarixin təsdiq, beynəlxalq hüququn və birliyin qəbul etdiyi bu məntiqlə razılaşmamaq mümkün deyil".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş nazirin müavini Əli Əhmədov “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb. O bir daha vurğulayıb ki, Qarabağ Azərbaycanındır, Azərbaycan xalqına mənsubdur: "Onun mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz və dəyişdirilməyəcək. Buna Azərbaycan xalqı, onun ordusu və Ali Baş Komandanı İlham Əliyev imkan verməzlər. Avantürist bəyanatın qarşısına ədalətli və sərt bəyanat qoyuldu. İşğalçı siyasətin aqibəti də beləcə xalqımızın iradəsi və ordumuzun qüdrəti ilə sona çatacaq".