BAKI, 2 oktyabr — Sputnik. “Son zamanlar qoşunların təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır. Baş verən insidentlər də böyük deyil. Həlak olanların meyitlərinin dəyişdirilməsi baş verib”.
Sputnik Azərbaycan-ın APA-ya istinadla xəbərinə görə, bunu Soçidə keçirilən Valday müzakirə klubunun iclasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib.
Rusiya XİN başçısı əsirlərin dəyişdirilməsinə hazırlıq getdiyini vurğulayıb.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hansısa proses gedir. ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri çox sıx və dostcasına işləyirlər. Məncə, onlar bu il üç dəfə görüşüblər. Bu ilin aprel ayında mənim iştirakımla Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib. Deyərdim ki, bu regionda vəziyyət ötən illə müqayisədə daha sakitdir. Siyasi proses tormozlanıb. Hələlik prosesi tormozdan ayırmaq alınmır. Tərəflər olduqca ciddi bəyanatlar verir. O cümlədən, Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı səslənib. Necə ki, Albaniyanın Baş Naziri Kosovonun Albaniyanın olduğunu bəyan edib. Əlbəttə ki, bu bəyanatlar münaqişələrin həllinə kömək etmir, siyasi prosesi tormozdan ayırmağa kömək etmir”, – deyə S.Lavrov vurğulayıb.