BAKI, 25 sentyabr — Sputnik. Bu gün Rusiya Federasiya Şurası 2018-ci il avqustun 12-də Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı ratifikasiya edib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Xatırladaq ki, Rusiya Dövlət Duması sentyabrın 19-da keçirilən plenar iclasında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib.
Müvafiq qanun Dövlət Dumasına Rusiya Prezidenti Vladimir Putin tərəfindən göndərilib. Konvensiya 12 avqust 2018-ci ildə Aktau şəhərində imzalanıb.
Qeyd edək ki, ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti başa çatıb.
Sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri — İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.
Bundan əlavə, beş ölkənin rəsmi şəxsləri bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərə imza atıblar.
Xatırladaq ki, 1996-cı ildən sözügedən sənəd üzərində iş aparılıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.