BAKI, 15 sentyabr — Sputnik. Enerji resurslarının təchizatında Rusiyadan asılılığını azaltmağa çalışan Litva ilk dəfə olaraq böyük həcmdə Rusiya istehsalı olan mayeləşdirilmiş təbii qaz (MTQ) alacaq.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın "Yamal MTQ" layihəsi çərçivəsində istehsal edilmiş MTQ Fransanın Montuar limanında "Stena Clean Sky" tankerinə yüklənilib. Gəmi sentyabrın 12-i səhər saatlarında Montuarı tərk edib və hazırda Litvanın Klaypeda limanına doğru hərəkət edir.
"Kommersant" qəzetinin bildirdiyinə görə, "Stena Clean Sky" ilə eyni vaxtda "Yamal Spirit" tankeri də Montuar limanında imiş. "Yamal Spirit" gəmisinin Fransanın "Total" şirkətinə yük çatdırdığı bildirilir.
Məlumatlı mənbələr deyiblər ki, mayeləşdirilmiş təbii qazın satıcısı "Total", alıcısı isə Litvanın "Ignitis" dövlət enerji şirkəti olub.
Qeyd edək ki, Rusiyanın "Yamal MTQ" layihəsi çərçivəsində qazın mayeləşdirilməsi həyata keçirilir. "Novatek" (50,1 faiz), "Total" (20 faiz), "CNPC" (20 faiz) şirkətləri və "İpək Yolu Fondu" (9,9 faiz) layihədə pay sahibidirlər.
Xatırladaq ki, yanvarda verilmiş məlumata görə, "Ignitis" və "Total" şirkətləri adı çəkilməyən yükün daşınmasına dair müqavilə bağlayıblar. Yükün bu ilin üçüncü rübündə çatdırılması nəzərdə tutulurdu.
"Ignitis" şirkətinə yaxın mənbənin dediyinə görə, "Stena Clear Sky" gəmisi çox güman ki, yükünü Litvanın "Achema" mineral gübrələr istehsalçısına çatdıracaq.
"Total" və "Achema" məsələ ilə bağlı şərh verməkdən imtina ediblər. "Ignitis" isə MTQ ilə bağlı suallara cavab vermədiyini deyib.