BAKI, 7 avqust — Sputnik. Bu gündən Türkiyə və Rusiya xüsusi və xidməti pasportları olan vətəndaşlara qarşı viza tətbiqini ləğv edir. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fərman imzalayaraq xüsusi və xidməti pasportları olan Türkiyə vətəndaşlarına qarşı viza tətbiqini ləğv edib.
Xatırladaq ki, 2015-ci ilin noyabrında Türkiyə Rusiyaya məxsus "Su-24" təyyarəsini bu ölkənin hava sərhədini pozduğuna görə vurub. Bu hadisədən sonra Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq etmişdi. Onlar arasında xüsusi və xidməti pasportu olanlara viza rejiminin tətbiq edilməsi də var idi.
Qeyd edək ki, Azərbaycan da Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə qərar verib. Sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər.