BAKI, 6 avqust — Sputnik. Rusiyanın Krasnoyarsk diyarının Açinsk rayonunda hərbi anbarda döyüş mərmilərinin partlamasından sonra 16,5 min insan öz evini tərk edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, 9 yaşayış məntəqəsi və "Sokol" sağlamlıq düşərgəsindən 9,5 min insan təxliyə olunub. Daha 7 min insan isə təhlükəli zonadan özləri uzaqlaşıblar.
Xatırladaq ki, ötən gün Rusiyanın Krasnoyarsk diyarında hərbi hissə ərazisində partlayış baş verib.
Krasnoyarsk diyarının Açinsk rayonundakı hadisəyə səbəb hərbi hissənin artilleriya anbarında mərminin partlaması olub.
Hadisə nəticəsində 12 nəfər yaralanıb.
Yanan anbarda təxminən 40 min mərmi olub. Yanğın bu gün səhər saatlarında söndürülüb.