BAKI, 1 avqust — Sputnik. Ağ Ev Birləşmiş Ştatlar və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin telefon danışığının təfərrüatlarını açıqlayıb. Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, telefon danışığın detallarını Ağ Evin mətbuat katibi Hoqan Hidli bildirib.
Məlumatda qeyd olunur ki, ölkə başçıları Sibirdəki yanğınlarla yanaşı ikitərəfli ticarət əlaqələrini də müzakirə ediblər. Bundan əlavə, ölkə başçıları həm telefon, həm də şəxsi görüşlər vasitəsilə əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər.
Qeyd edək ki, Tramp və Putin arasında telefon danışığı iyulun 31-i ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Tramp Sibirdə davam edən meşə yanğınları ilə bağlı Rusiyaya kömək təklif edib. Putin təklifə görə ona təşəkkür edib və bildirib ki, ehtiyac olacağı təqdirdə Rusiya rəhbərliyi bu təklifdən yararlanacaq.