BAKI, 18 iyul — Sputnik. Rusiya və Hindistan silah satışına dair müqavilələr üzrə hesablaşmalarda milli valyutalardan istifadə edəcəklər. Sputnik Azərbaycan "Bloomberg" nəşrinə istinadən xəbər verir ki, iki ölkənin mərkəzi bankı artıq buna dair razılaşmaya imza atıb.
Mütəxəssislər hesab edirlər ki, Rusiya və Hindistan arasında hesablaşmalarda milli valyutalardan istifadə edilməsi Vaşinqtonun təzyiqindən qurtulmağa kömək edəcək. Bu, həmçinin Rusiya rubluna olan tələbatı artıracaq, çünki sözügedən müqavilələrdə dəyəri on milyardlarla dollar olan hərbi texnikanın tədarükü nəzərdə tutulub.
Silah satışına dair müqavilə çərçivəsində rubldan istifadə etmək qərarı Vaşinqtonun sanksiya siyasətinə cavab olaraq alınıb. Qeyd edək ki, ABŞ iki il əvvəl Rusiyanın müdafiə məhsulları və texnologiyalarının idxalı və ixracı ilə məşğul olan "Rosoboroneksport" şirkətini qara siyahıya salıb. Buna görə də şirkətin bank hesabına pul köçürmək istəyən maliyyə təşkilatları sanksiyaların qurbanı ola bilər.
Sanksiyalar xüsusilə "SWIFT" sistemi vasitəsilə banklararası dollar əməliyyatlarına qadağa qoyur. Bu risklər səbəbindən Hindistan bankları bir müddət öncə "Chakra" sualtı qayığının Rusiyada təmiri üzrə iki milyard dollarlıq hesablaşmanı dondurub.
Bundan əvvəl analitiklər hesab edirdilər ki, Moskva və Dehli hesablaşmalarda avroya keçəcəklər. Lakin tərəflər rubla üstünlük veriblər. Bu isə Vaşinqtonun iki ölkənin ticarət münasibətlərinə müdaxiləsinin qarşısını alır. Çox güman ki, Moskva və Dehli "SWIFT"in əvəzinə Rusiya Bankının Maliyyə Mesajlaşma Sistemindən (SPFS) istifadə edəcəklər.
Ekspertlər əmindir ki, hərbi-texniki əməkdaşlıq çərçivəsində milli valyutalardan istifadə rubla olan tələbatı artıracaq və onu qüvvətləndirəcək.