BAKI, 15 iyul — Sputnik. NATO xoşbəxt olmalıdır ki, Ankara "S-400" sistemlərini alıb, çünki bu, Şimali Atlantika Alyansını qüvvətləndirəcək. Sputnik Azərbaycan "Haberler" portalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyənin "S-400" zenit-raket kompleksləri əldə etməsi NATO-ya ciddi təsir göstərəcək: "O, (NATO – red.) buna görə xoşbəxt olmalıdır".
Ərdoğan onu da qeyd edib ki, Türkiyə NATO üzvləri sırasında beş ən güclü ölkədən biri və alyansın regionda "ən möhkəm dayağıdır".
Bir müddət öncə Ərdoğan "S-400"ə dair razılaşmanı Türkiyənin müasir tarixində ən əhəmiyyətli saziş adlandırıb.
İyulun 12-si "S-400"lərin Türkiyəyə tədarükü başlayıb. Rusiya istehsalı olan komplekslər Ankara vilayətində yerləşən Mürtəd aviabazasına çatdırılır.
NATO isə artıq bununla bağlı narahatlığını bildirib. Qeyd edək ki, ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini almasına mane olmağa çalışıb. Vaşinqton artıq Ankaranı sanksiyalarla və "F-35" qırıcısına dair müqaviləyə xitam verəcəyi ilə təhdid edib. Buna baxmayaraq, Rusiya və Türkiyə arasında razılaşma plana uyğun olaraq yerinə yetirilir.
Moskva və Ankara "S-400" komplekslərinin tədarükünə dair müqaviləni 2017-ci ildə imzalayıb. Sənədə əsasən, Rusiya bu sistemlərin dörd divizionunu Türkiyəyə tədarük edəcək.
"S-400 Triumf" və ya digər adı ilə "S-300 PMU-3" Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit-raket kompleksidir. "S-400" sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 40N6 (400 km), uzun mənzilli 48N6 (250 km), orta mənzilli 9M96 (120 km) və qısa mənzilli 9M96E (40 km) raketlər.
"S-400" hazırda mövcud olan hava hücumundan müdafiə sistemləri sırasında ən yaxşılardan biri hesab olunur.