Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ekspert: "Azərbaycan da "S-400"lər ala bilər"

© AFP 2024 / RUSSIAN DEFENCE MINISTRYS-400, arxiv şəkli
S-400, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək"

BAKI, 12 iyul — Sputnik. Bu gündən etibarən Rusiya "S-400" zenit-raket komplekslərinin Türkiyəyə nəqlinə başlayıb. Artıq kompleklərin ilk hissəsi Ankaraya gətirilib. Bu hal bölgədə vəziyyətə necə təsir edəcək?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu hal bölgədə yeni vəziyyət yaradacaq.

Politoloq vurğulayıb ki, bu sıradan bir hadisə deyil: "Bu Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır. Soyuq müharibə illərində Türkiyə ABŞ-ın strateji müttəfiqi idi. SSRİ-nin dağılmasıyla və bölgədə yeni şərtlərin formalaşmasıyla Türkiyənin Amerikadan asılılığı azaldı və Ankara Moskva ilə sıx münasibətlərinin bünövrəsini qoydu. Son 15 ilin gedişatına baxsaq, Türkiyə-Rusiya münasibətləri kefiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır".

E.Şahinoğlu qeyd edib ki, S-400" sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq: "Bundan başqa Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, Amerikanın hazırki prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırki vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə Patriot raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin "S-400" məsələsində haqlı olduğunu göstərdi".

Женщина держит флаг с изображением президента Турции Тайипа Эрдогана - Sputnik Azərbaycan
Ərdoğan təyyarədə açıqlama verdi: "Bizə hücum edərlərsə..."

Politoloq bildirib ki, Türkiyə "S-400" raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır: "Doğrudur, Tramp Türkiyə ilə münasibətlərin daha da gərginləşdirilməsini istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni "S-400" raketlərinə görə cəzalandırmağa çalışacaqlar. Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı "S-400" raketlərinə baxmayaraq, Amerikadan da hərbi texnika almağa çalışacaq, bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin, əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək".

E.Şahinoğlunun sözlərinə görə, son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir: "Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək. Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan "S-400" sistemini almaq istəyir".

Politoloq vurğulayıb ki, Türkiyənin müdafiə qabiliyyətini artırması heç şübhəsiz müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir: " Türkiyə "S-400" raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda, əldə edəcəyi məhsulu Azərbaycanla da bölüşəcək. Bu Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən artan Rusiya – Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa, Rusiya buna etiraz etməməlidir".

Xəbər lenti
0