BAKI, 27 iyun — Sputnik. Rusiyada 27 yaşlı Tolyatti sakinini öldürməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Samara vilayəti üzrə istintaq idarəsi məlumat yayıb.
Bir qədər əvvəl Tolyatti cüdo federasiyasına istinadən xəbər verilirdi ki, qətlə yetirilmiş şəxs Rusiyanın cüdo üzrə idman ustası Yevgeniy Kuşnirdir. Regionun cüdo federasiyası deyib ki, Kuşnir bu il Samara vilayətinin cüdo üzrə çempionatında 81 kiloqramadək çəki dərəcəsində çempion adına layiq görülüb.
Sözügedən cinayəti törətməkdə şübhəli bilinən şəxsin 1988-ci ildə Azərbaycan Respublikasında anadan olduğu bildirilir. Təqsirləndirilən şəxs cinayət yerindən qaçaraq gizlənsə də, onu tapmaq mümkün olub.
Qətl hadisəsi iyunun 24-ü Tolyatti şəhərində yerləşən "Levşa" kafesində dörd nəfər arasında münaqişə nəticəsində baş verib. Münaqişənin borc səbəbindən baş verdiyi bildirilir. Qeyd olunur ki, 27 yaşlı cüdoçunun kafenin daxili həyətində tapılmış meyitinin üzərində kəsilmiş-deşilmiş yaralar olub.