BAKI, 17 aprel — Sputnik. Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli tanınmış rusiyalı iş adamı Telman İsmayılov İsveçrədə üç iqtisadi cinayətin törədilməsində şübhəli bilinir. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, artıq Telman İsmayılova qarşı cinayət işi başladılıb.
Telman İsmayılov dələduzluqda, kreditorların ziyanına aktivlərin faktiki olaraq azaldılmasında və aktivlərin çıxarılmasında şübhəli bilinir. Cinayəti sübuta yetiriləcəyi halda onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Rusiya mətbuatı yazır ki, İsveçrə hüquq-mühafizə orqanlarına müraciət edən "BM-bankın" versiyasına əsasən, İsveçrədə İsmayılovun zəmanəti altında borca götürülən və kreditorlara geri qaytarılmayan vəsaitin müəyyən hissəsi gizlədilə və yuyula bilər.