BAKI, 3 aprel — Sputnik. Rəsmi Bakı və Qroznı Çeçenistan Respublikasının Azərbaycanda nümayəndəliyinin açılması barədə razılığa gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov "VKontakte" sosial şəbəkəsində yazıb.
Kadırovun sözlərinə görə, müvafiq razılaşma Bakıda aprelin 1-i Azərbaycan prezidenti İlham Əliyev ilə Çeçenistan rəhbərinin müşaviri, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovun görüşü zamanı əldə olunub.
"Söhbət zamanı Azərbaycan və Rusiyanın regionu - Çeçenistan Respublikası arasında iqtisadi, mədəni, idman və humanitar əlaqələrin gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Görüş zamanı, eləcə də Bakıda Çeçenistan Respublikasının nümayəndəliyinin açılması barədə razılığa gəlinib", - deyə Kadırov yazıb.
Çeçenistan rəhbəri vurğulayıb ki, A.Delimxanov daha əvvəl onun İlham Əliyevi Çeçenistana səfər etmək barədə dəvətini bir daha təsdiqləyib: "Buna cavab olaraq Azərbaycan rəhbəri bildirib ki, ilk imkandaca Qroznıya səfər edəcək".