Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 26 fevral — Sputnik. "Güc tətbiq olunmuş vəziyyətin nəticələri heç vaxt legitim ola bilməz. Güc tətbiqi nəticəsində yaranmış vəziyyət zamanı qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi qəbuledilməzdir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlər sübutlar" adlı hesabatın təqdimatı zamanı bildirib.
H.Hacıyev beynəlxalq ictimaiyyətə müraciətində bildirib ki, Ermənistanın belə qeyri-qanuni fəaliyyətinə göz yumulmamalıdır: "Bu ölkələrin fiziki və hüquqi şəxslərinin Azərbaycanın işğal altında olan torpaqlarında qeyri-qanuni fəaliyyətinə son qoya biləcək istiqamətdə işlər aparılmalıdır. Bəzən xarici ölkələrin fiziki və hüquqi şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərirlər. Biz bunu fundamental faktlar, diplomatik notalarla onların vətəndaşı olduğu ölkələrə təqdim etdiyimiz halda, həmin ölkələrin müvafiq qurumları qeyd edirlər ki, onların qanunveruciliyində belə bir hal yoxdur. Onda belə bir mənzərə yaranır ki, həmin ölkələrin qanunlarını pozmaq olmaz, Azərbaycanınkını isə olar. Amma unutmamaq lazımdır ki, milli qanunvericilik üzərində, beynəlxalq hüquqi qanunvericilik və beynəlxalq normalar var ki, hər bir dövlət buna görə məsuliyyət daşıyır".
"Biz münaqişənin həllində irəliləyiş, münaqişənin sülh yolu ilə həllini istəyiriksə, bu növ qeyri-qanuni fəaliyyətlərin qarşısı alınmalıdır. Əks təqdirdə, yəni qeyri-qanuni fəaliyyətlər münaqişənin həlli istiqamətində real və ciddi problemlər yaradır" - deyə Hacıyev qeyd edib.