BAKI, 13 fevral — Sputnik. Rusiyanın "Poseydon" strateji sualtı aparatının əsl məqsədi NATO-nu hərbi alyans kimi dağıtmaqdır. Bu barədə Sputnik Azərbaycan "Business Insider"-ə istinadən xəbər verir.
Qeyd olunur ki, bu aparatlar "bütöv qitəni" məhv edə bilər. Ekspertlərin fikrincə, bu qurğular Birləşmiş Ştatlar tərəfini Rusiya tərəfinin "təcavüzünə" cavab verməkdən çəkindirəcək. Ekspertlər vurğulayır ki, Rusiya məhv olacağı təqdirdə belə onları istifadə edə bilər. Ona görə də ABŞ tərəfi öz sularını "Poseydon"ların radiasiyasından qorumaq üçün Estoniyanı müdafiə etməkdən çəkinəcək. Ekspertlər hesab edir ki, NATO üzvünə belə bir dəstəyin verilməməsi alyansın yox olmasına səbəb olacaq.
Qeyd edək ki, bu aparatlar nüvə yanacağı ilə işləyən mühərriklə təchiz olunub, güclü nüvə başlığı daşıya bilir və okeanın 1 kilometrdən də çox dərinliyində saatda 200 kilometr sürətlə, manevrlər etməklə hədəfə doğru irəliləyir. Hazırda dünyada heç bir sualtı torpedo bu cür yüksək sürətə malik deyil. Rusiya Müdafiə Nazirliyi dörd atom sualtı qayığında yerləşdirilməklə cəmi 32 "Poseydon" sifariş verib.