BAKI, 24 yanvar — Sputnik. Rusiya Venesuelanın daxili işlərinə müdaxilə, xüsusilə hərbi müdaxilə təhlükəsinə dair ABŞ-a kəskin xəbərdarlıq edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyanat verib.
"Biz bununla bağlı xəbərdarlıq edirik. Hesab edirik ki, müdaxilə faktı bir fəlakət ssenarisi olacaq. Bu, bizim Latın Amerikası regionunun inkişafı üçün gördüyümüz modeli laxladacaq" - deyə Ryabkov bəyan edib.
XİN rəsmisi vurğulayıb ki, Venesuela Rusiyanın dəstəklədiyi və dəstəkləməyə davam edəcəyi strateji tərəfdaşdır.
Xatırladaq ki, ötən gecə Venesuelada müxalifət lideri, Parlamentin sədri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. Birləşmiş Ştatlar və daha 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.