BAKI, 24 yanvar — Sputnik. Ermənistan Rusiyanın son nəsil "AK-12" avtomatlarını alacaq ilk xarici ölkə olacaq. İlk partiyada 50 ədəd silah təhvil veriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə müsahibəsində "Kalaşnikov" konserninin baş direktoru Vladimir Dmitriev bildirib. Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında bununla bağlı artıq müqavilə imzalanıb.
"Hələlik deyə bilərəm ki, Ermənistan Rusiyadan "AK-12" alacaq ilk ölkə olacaq. Müqavilə imzalanıb. Hələlik biz kiçik partiya, təxminən 50 ədəd avtomat hazırlayırıq. Onlar silaha baxacaq, yoxlayacaq və ümid edirəm ki, silahı almağa davam edəcəklər" - deyə Dmitriev vurğulayıb.
Rusiya Müdafiə Nazirliyi "AK-12" və "AK-15" silahlarını 2018-ci ilin yanvarında silahlanmaya götürüb.
Xatırladaq ki, "Kalaşnikov" konserni ötən ilin dekabrında "AK-12" avtomatlarının istehsalına başlayıb. Ötən ilin dekabrın 20-də Rusiya Silahlı Qüvvələri 2500 ədəd "AK-12" alıb.