2018-ci ildə Azərbaycanın vergi qanunvericiliyinə edilən əhəmiyyətli dəyişikliklər müxtəlif sahələri əhatə edib – biznesə dəstək, vergidən yayınma hallarının qarşısının alınması, kölgə iqtisadiyyatı ilə mübarizə, vergiyə cəlb olunan subyetklərin bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin effektivliyinin artırılması və sair.
Vergi sahəsi üzrə mütəxəssislər Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında bu mövzulara aydınlıq gətiriblər. Həmçinin “Facebook” sosial şəbəkəsi vasitəsilə verilən birbaşa sualları cavablandırıblar. Müzakirədə “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin direktoru Radil Fətullayev və Bakı Hesabat Mərkəzinin direktoru, müstəqil auditor Mehdi Babayev iştirak ediblər.
Ruslan Atakişiyev bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişiklərin əsas məqsədlərin biri kölgə iqtisadiyyatının həcminin azaldılmasıdır. Buna nail olmağın yollarından biri də sadələşdirilmiş vergi bazasının azaldılmasıdır. Çünki bir çox hallarda vergidən yayınmaq üçün sadələşdirilmiş vergi sistemindən istifadə olunurdu.
Vergi Məcəlləsində dəyişiklik ən çox kiçik sahibkarlıq subyektlərinə təsir edib. Mehdi Babayev düşünür ki, onların vergi yükü heç də artmır. Hətta az vergi belə, ödəyə bilərlər. Əlbəttə, gəlir və xərclərin uçotunu düzgün apardıqları halda.
Radil Fətullayev isə qeyd edib ki, vətəndaşlar ödədikləri ƏDV məbləğinin bir hissəsinin ödəniş şəklində geri ala biləcəyini bilsələr, daha çox hallarda kassa çekini tələb edərlər.