Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 12 dekabr — Sputnik. "Şahbaz Quliyev və Dilqəm Əsgərovun işinə dair Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlə bağlı məsələdə kommunikasiya davam edir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır.
"Bu məsələdə məsuliyyət daşıyan Ermənistandır. Çünki Dağlıq Qarabağı işğal edən məhz onlardır. Artıq bu fakt Avropa Məhkəməsi tərəfindən tanınıb" - sədr vurğulayıb.
"Qarabağdakı qondarma rejim tərəfindən bizim vətəndaşların hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqəti göstərir" - deyə Bağırov əlavə edib.
Xatırladaq ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.
İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.