Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 24 oktyabr — Sputnik. "Bu, mənim Azərbaycana ilk səfərimdir. Bu, həmçinin ölkəniz müstəqillik əldə etdikdən sonra, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri səviyyəsində Azərbaycana baş tutan ilk səfərdir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib. O, Bakıda keçirdiyi görüşlərdən danışıb.
"Biz Xarici İşlər Naziri Elmar Məmmədyarov və Azərbaycan Prezidenti İlham Əliyevlə regional məsələləri, Dağlıq Qarabağ münaqişəsini, eyni zamanda İrana dair məsələləri müzakirə etdik. Müzakirələr zamanı İranın nüvə silahı üzrə fəaliyyətdən çəkindirilməsinə dair tədbirlərə də toxunduq" — Bolton bildirib.
"Bakıdakı görüşlərimizdə Azərbaycan – ABŞ iqtisadi əlaqələrinə xüsusi yer verdik. Müzakirələrimiz zamanı Cənub Qaz Dəhlizi layihəsinə xüsusi önəm verdik. Azərbaycan Avropaya enerjinin alternativ yollarla çatdırılması və regionun enerji təhlükəsizliyində xüsusi rol oynayır. Biz regional məsələləri, həmçinin, çərşənbə axşamı Moskvada keçirdiyimiz görüşləri müzakirə etdik" — o vurğulayıb.
Con Bolton, eyni zamanda Bakıdakı görüşlərində Dağlıq Qarabağ münaqişəsinə də toxunduqlarını diqqətə çatdırıb: "Bu, mənim Azərbaycana ilk səfərimdir. Qarabağ məsələsinin dinc yolla həll olunması və bu istiqamətdə fəaliyyətlər ətrafında Azərbaycan Prezidenti ilə müzakirələr apardıq".
"Biz başa düşürük ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması həm Azərbaycan, həm də Ermənistanda sülhün bərqərar olması baxımından bizim qüçün önəmlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli strateji nöqteyi-nəzərdən ABŞ üçün böyük əhəmiyyət kəsb edir" — amerikalı rəsmi bəyan edib.
"ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Biz münaqişənin sülh yolu ilə həlli üçün səylərimizi davam etdirəcəyik. Sabah mən Ermənistana səfər edəcəm və orada münaqişənin həlli ilə bağlı müzakirələr aparacağam. Ermənistan tərəfinin də Dağlıq Qarabağ münaqişənin həllinə dair perspektiv planlarını öyrənəcəyəm" — deyə müşavir əlavə edib.