BAKI, 17 oktyabr — Sputnik. "Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Rusiya Dövlət Dumasının üzvü və digər Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhində "münaqişənin bütün tərəfləri" ifadəsinin işlədilməsi təəccüb doğurur".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti KİV-in sorğusuna cavabında bildirib.
"ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN çox yaxşı bilir ki, münaqişənin iki tərəfi vardır və bunlar Ermənistan və Azərbaycandır. ATƏT-in 1992-ci il Helsinki nazirlər şurasının yekun bəyanatı və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan təsbit olunub. Hal-hazırda da Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda aparılır.
Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-nin açıqlaması təsirli xarakter daşımır", — XİN-dən bildirilib.