BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan və Ermənistan liderlərinin Düşənbədəki görüşü çox müsbət siqnaldır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Corc Kent jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Dövlət katibinin köməkçisinin müavini Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə sadiq olduqlarını vurğulayıb: " ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində göstərilən səyləri alqışlayır".
C.Kent bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Düşənbə görüşü danışıqlar prosesinə dair müsbət siqnaldır: "Bu görüşdən sonra təmas xəttində gərginliyin səviyyəsi kifayət qədər aşağı düşüb. Atəşkəsin pozulması və tərəflər arasında təhdid xarakterli çıxışların azalması olduqca önəmlidir. ABŞ rəsmiləri Ermənistan rəsmiləri ilə görüşü zamanı hər zaman bəyan edir ki, bu cür ritorika və atəşkəsin pozulması halları danışıqlar prosesinə yardım etmir. ABŞ da öz növbəsində tərəfləri danışıqları bu minvalla davam etdirməyə və atəşkəsin pozulma hallarının azaldılmasına dair tədbirlər görməyə çağırır. Düşünürəm ki, artıq mövcud prinsiplər və BMT qətnamələrinə əsaslanan bir fəaliyyət müşahidə edəcəyik".
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin oktyabrın ayının sonuna regiona səfəri gözlənilir.
Kent vurğulayıb ki, Avropanın enerjisi təhlükəsizliyi və Azərbaycanın iqtisadi müstəqilliyinə təminat verən Cənubi Qaz Dəhlizi layihəsi olduqca vacibdir.