BAKI, 28 sentyabr — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov — Rusiya, Stefan Viskonti — Fransa və Endryu Şofer — ABŞ) 25-27 sentyabr tarixlərində BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanla görüşlərin yekunlarına dair bəyanat yayıblar.
Sputnik Azərbaycan xəbər verir ki, bəyanat ATƏT-in rəsmi saytında dərc olunub.
Görüşlərdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.
Bəyanatda qeyd olunur ki, nazirlər görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları davam etdiriblər.
"Həmsədrlər və XİN rəhbərləri bölgədəki vəziyyəti müzakirə ediblər. Bu yaxınlarda narahatlıq doğuran bəzi bəyanat və insidentlərə aydınlıq gətirilib.
Həmsədrlər davam etməkdə olan insan itkisi faktları ilə bağlı dərin təəssüf hisslərini ifadə ediblər.
Onlar nazirlərə gərginləşmənin təhlükələri barədə xəbərdarlıq edərək, tərəfləri konstruktiv müsbət ab-hava yaratmaq və vəziyyəti gərginləşdirən atmacalardan yayınmağa çağırıblar.
ATƏT-in Minsk qrupunun həmsədrləri bununla yanaşı qeyd ediblər ki, hərtərəfli nizamlanma üçün güzəştlər tələb olunur.
Nazirlər bu konteksdə danışıqlar prosesinin fəallaşdırılması üzrə tədbirlərin, həmçinin gərginlik səviyyəsinin azaldılması məqsədi ilə addımlar atılmasının mühüm olduğunu təsdiq ediblər. XİN rəhbərləri ilin sonunadək yenidən görüşmək barədə razılıq əldə ediblər.
Vasitəçilər yaxın gələcəkdə bölgəyə səfər etməyi, ardınca isə müvafiq qurumları danışıqların gedişatı barədə məlumatlandırmağı planlaşdırırlar", — bəyanatda qeyd olunub.