BAKI, 28 sentyabr — Sputnik. "Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü beynəlxalq və regional sülh və təhlükəsizliyə, bölgəmizin inkişaf perspektivlərinə başlıca təhlükə törətməkdədir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin İllik əlaqələndirmə yığıncağında çıxışı zamanı deyib.
"Həll edilməmiş qalan silahlı münaqişələr, mövcud və əmələ gələn yeni təhlükəsizlik təhdidləri və onlarla əlaqədar humanitar böhran BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cü il Gündəliyinin yerinə yetirilməsi istiqamətində əldə etdiyimiz inkişafın tərsinə çevrilməsi təhlükəsini yaradır. Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü beynəlxalq və regional sülh və təhlükəsizliyə, bölgəmizin inkişaf perspektivlərinə başlıca təhlükə törətməkdədir.
Hökumət adından və Azərbaycan xalqı adından, ölkəmizə qarşı Ermənistan Respublikasının təcavüzü ilə bağlı ədalətli mövqeyimizə tam dəstək göstərildiyi üçün nəcib Təşkilatımıza və üzv dövlətlərinə dərin minnətdarlığımı bildirmək istərdim.
Biz 2018-ci il sentyabrın 24-də burada, BMT-nin qərargahında Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Əlaqə qrupunun keçirdiyi iclasın nəticələrinə dair qəbul olunmuş məruzəni alqışlayırıq", — deyə o bildirib.