BAKI, 25 sentyabr — Sputnik. Rusiyanın Suriyadakı Xmeymim hərbi bazasına ilk radioelektron mübarizə sistemləri gətirilib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
İlk komplekslər sentyabrın 24-də "İl-76" təyyarələri vasitəsilə Xmeymim aviabazasına gətirilib. Radioelektron mübarizə sistemlərinin məqsədi Suriya ərazisində hücum əməliyyatları keçirəcək uçan aparatların idarə və əlaqə sistemlərinin qarşısını almaqdır. Komplekslər Suriya ərazisində, həmçinin bu ölkənin Aralıq dənizi sahillərində bir neçə yüz kilometr məsafədə radioelektron günbəz yaratmağa imkan verəcək.
Qeyd edək ki, ötən gün Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, onun ölkəsi iki həftə ərzində Suriyaya "S-300" raket əleyhinə kompleksləri təqdim edəcək. "Bu komplekslər 250 kilometrdən artıq məsafədə olan hava hücumu vasitəsini tutmaq və eyni zamanda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə malikdir" – deyə Şoyqu vurğulayıb.
Rusiya müdafiə nazirinin sözlərinə görə, "S-300" Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin imkanlarını artıracaq. Şoyqu xatırladıb ki, Rusiya 2013-cü ildə Dəməşqə "S-300" komplekslərinin çatdırılmasını dayandırmışdı, lakin vəziyyət artıq dəyişib və bu, Moskvanın günahı üzündən baş verməyib.
Xatırladaq ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.
Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.
Rusiya həmçinin, İsrailə cavab vermə hüququnu özündə saxladığını bildirmişdi.