BAKI, 12 sentyabr — Sputnik. ATƏT Qarabağ münaqişəsində vasitəçilik rolunun gücləndirilməsi üçün hər cür səy göstərir.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə ATƏT-in baş katibi Tomas Qreminger deyib.
O xatırladıb ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir: "Münaqişənin həlli ilə birbaşa Minsk qrupu məşğul olur. Bu məsələdə təşkilatın vasitəçi rolunu gücləndirməyə çalışırıq. Problemin həll olunması üçün bütün siyasi qüvvələrin səy göstərməsi lazımdır. Ümid edirəm ki, Minsk qrupu da bu məsələdə əlindən gələn hər şeyi edə biləcək".
Baş katib həmçinin qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında növbəti görüşün sentyabrın son həftəsində Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcəyi planlaşdırılır.
Qreminger, həmçinin ATƏT-in Azərbaycanla əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətində olduğunu bildirib: "Azərbaycan ATƏT-ə üzv dövlətlər arasında güclü ölkələrdən biridir və bir çox layihələrimizdə yaxından iştirak edir. Odur ki, biz də Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək və daha da genişləndirmək niyyətindəyik".
Baş katib Azərbaycanda keçirdiyi görüşlərdə Xəzər dənizinin ekoloji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, terrorçuluğa və ekstremizmə qarşı mübarizə kimi məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb.