BAKI, 16 avqust — Sputnik. Sentyabrın əvvəlində İranın paytaxtında ən yüksək səviyyədə Rusiya-Türkiyə-İran sammiti keçiriləcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiya, Türkiyə və İranı bu görüşdə müvafiq olaraq Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani təmsil edəcək.
Qeyd edək ki, sonuncu dəfə hər üç prezident bu ilin aprelində Ankarada görüşüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani Suriya böhranı ilə bağlı apardıqları üçtərəfli danışıqların nəticələrinə dair birgə mətbuat konfransı keçiriblər.
Prezidentlər Suriyada qan tökülməsinin qarşısının alınması, terrorçu qrupların tam şəkildə zərərsizləşdirilməsi, ölkənin ərazi bütövlüyünün qorunması, qaçqınların geri qayıtması, dağıntıların bərpası, gələcək siyasi idarəetmə və s. barədə mövqelərini bildiriblər.