BAKI, 12 avqust — Sputnik. Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin V sammitində Rusiya prezidenti Vladimir Putin Xəzər qonşularını turizm üzrə mümkün birgə layihələr üzrə proqram hazırlamağa çağırıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sammitdə çıxışı zamanı Putin deyib:
"Turizm perspektivli əməkdaşlıq sahəsidir. Bu beş ölkənin müvafiq qurumları turizm sahəsində birgə layihələr hazırlaya, vahid proqramla çıxış edə bilərlər".
Rusiya prezidenti Xəzəryanı dövlətlərin xüsusi iqtisadi forumunun yaradılacağını da qeyd edib.
O bildirib ki, Xəzər İqtsadi Forumunun yaradılmasına dair qəbul olunan qərarlar ölkələrimizin işgüzar cəmiyyətləri arasında əlaqələri daha da möhkəmləndirməyə imkan verəcək.
Putin V Xəzər sammitini dövrün fövqündə duran hadisə adlandırıb.
"Bu sammit qeyri-adi, hətta mən deyərdim ki, əsl dövrün fövqündə duran hadisədir. 20 ildən artıq müddətdə hazırlanan Xəzərin hüquqi statusu haqqında Konvensiya dövlətlərimizin Xəzər dənizinin taleyinə görə fövqəladə hüquq və məsuliyyətini əks etdirir. Həm də onun kollektiv şəkildə istifadəsinin dəqiq qaydalarını müəyyənləşdirir." — Rusiya prezidenti əlavə edib.
Putin bu Konvensiyanı "ümumi maraqlar əsasında müasir və balanslaşdırılmış beynəlxalq sənəd" adlandırıb.
O qeyd edib ki, Konvensiya lazımi delimitasiya, naviqasiya və balıqçılıq rejimləri məsələlərini, eləcə də ölkələrin qarşılıqlı hərbi-siyasi prinsiplərini dəqiq tənzimləyir. Eyni zamanda Xəzər dənizinin yalnız sülh məqsədləri üçün istifadəsinə və dənizdə qeyri-regional güclərin silahlı qüvvələrinin mövcud olmadığına zəmanət verir.
Xatırladaq ki, bu gün Aktau port şəhərində Xəzəryanı ölkələrin V sammitində Qazaxıstan, Azərbaycan, Rusiya, Türkmənistan və İran prezidentləri arasında Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanıb.