BAKI, 2 avqust — Sputnik. Rusiyanın Tula şəhərində narkokuryer pişik və sahibi saxlanılıb. Sputnik Azərbaycan "Vesti.ru"ya istinadən xəbər verir ki, onlar həbsxanaya narkotik apararkən saxlanılıblar.
Belə ki, pişik bu yaxınlarda həbsdən çıxan keçmiş məhbusa məxsus olub. O, həbsdən çıxdıqdan bir qədər sonra onunla naməlum şəxslər əlaqə saxlayıb və pul qarşılığında pişiyi ondan alıb. Pişiyə görə pul ödəyən şəxslər bu heyvan növünün daima evə qayıtmaq xüsusiyyətindən istifadə edərək ondan kuryer kimi istifadə etməyi planlaşdırıblar.
Pişiyin yeni sahibləri onun üçün əldəqayırma xalta düzəldib, onun içərisində 5,79 qram həşiş, 1,56 qram amfetamin yerləşdirərək həbsxananın yerləşdiyi əraziyə yollanıblar. Lakin təyin olunan əraziyə çatmaq onlara qismət olmayıb, yolda onları polis saxlayıb.
Pişiyi maddi sübut kimi saxlanılaraq müvəqqəti sığınacağa verilib. Balaxov sakini olan 22 və 32 yaşlı şəxslər isə həbs olunub. Onların evində də axtarış zamanı narkotik maddələr tapılıb.