BAKI, 31 iyul — Sputnik. Rusiyanın Tacikistandakı səfirliyində, bu ölkədə turistlərə edilən hücumdan sonra diplomatik nümayəndəliyin əməkdaşları üçün təhlükəsizlik tədbirləri gücləndirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"-yə səfirliyin müşaviri Şamil Şamsutdinov məlumat verib.
O vurğulayıb ki, diplomatlara Tacikistan ərazisində hərəkət etmək məhdudiyyəti də qoyulub. Tacikistan tərəfi də öz növbəsində Rusiya səfirliyinin əməkdaşlarının təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, ötən gün Tacikistanın Xatlon vilayətinin Danqara rayonunda sürücünün avtomobili kütlənin üzərinə sürməsi nəticəsində velosipedlə ölkə üzrə səyahət edən dörd əcnəbi turist — iki ABŞ, bir Hollandiya və bir İsveçrə vətəndaşı ölüb, daha 3 əcnəbi yaralanıb.
Vətəndaşları Austin Cey və Anne Muntosun həlak olmasına baxmayaraq, ABŞ səfirliyi öz vətəndaşları üçün Tacikistanda təhlükənin olmadığını bildirib. Səfirlik, eyni zamanda ABŞ vətəndaşlarını diqqətli olmağa və istənilən köməklə bağlı səfirliyə müraciət etməyə çağırıb.