Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 30 iyul — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova ötən həftə 26-29 iyul tarixlərində Bakıda keçirilən "Jara" musiqi festivalında iştirak edib. Rusiyalı diplomat Sputnik Azərbaycan-ın bir sıra suallarını cavablandırıb.
Duyğular belə ifadə edilir
- Ötən il Nərgiz və Maksim Fadeyev sizin "Xatirəni qaytarın" şeirinizə mahnı yazıblar. Digər yaradıcılıq tandeminiz olubmu və gələcəkdə sizdən digər mahnılar gözləyə bilərikmi?
— "Xatirəni qaytarın" mahnısının tarixçəsi mənim üçün hələ də inanılmaz olaraq qalır. Bu, bizim tariximizdəki faciəvi anla – 2015-ci ildə Rusiya təyyarəsinin vurulması və pilot Oleq Peşkovun ölümü ilə bağlı dramatik hadisələrdən sonra baş verib.
Bu faciəni mən öz şəxsi faciəm kimi qəbul elədim və nəticədə bu mətn meydana çıxdı. Bundan əlavə, onun melodiyası da beynimə gəldi. Baxmayaraq ki, mən heç vaxt musiqi təhsili almamışam və heç bir musiqi alətində ifa edə bilmirəm. Sadəcə görünür, emosiyalar o qədər güclü olub ki, hər şey özbaşına baş verib.
Bir-iki aydan sonra mən bu sətirləri öz "Facebook" səhifəmdə paylaşdım və adamlar mənə yazmağa başladılar ki, "bəli, bu artıq bir mahnıdır və siz bunu mahnıya çevirməlisiz". Bu, məni heyrətləndirdi. Bir müddət sonra, hətta mənə bu mətn üzərində melodiyalar göndərməyə başladılar. Amma bunların heç biri mənim təsəvvürlərimi, hisslərimi ifadə etmirdi, onlarla üst-üstə düşmürdü.
Bir ildən sonra isə qətiyyən tanımadığım bir qız sosial şəbəkədə mənə öz musiqi aranjirovkası versiyasını göndərdi. Və mən onun melodiyasını dinləyərkən özümə nəsə bir yaxınlıq hiss etdim. Biz onunla yazışdıq. Mən öz melodiyamı ona göndərdim. Və beləliklə həmin mahnı ilə bağlı qeydlər yarandı.
Sonra, 2017-ci ilin yayında biz təsadüfən Maksim Fadeyevlə (rusiyalı bəstəkar, prodüser və ifaçı — red.) rastlaşdıq. Biz o vaxta qədər şəxsən tanış deyildik. Və mən ona əlimdə olanları göstərdim. Bu, ona çox toxundu və o, təklif etdi ki, mahnını Nərgiz oxusun. Həmin vaxt biz heç Nərgizlə də tanış deyildik.
Biz o mahnını yazanda Nikita Mixalkov Nərgizi bu mahnı ilə 39-cu Moskva Beynəlxalq Kino Festivalının açılışında çıxış etməyə dəvət etdi. Bundan sonra başqa bir mahnı yarandı. Misal üçün, "Mən səni axtarıram" (Я ищу тебя) mahnısı ərsəyə gəldi və onu müğənni Aleksandr Koqan ifa edir.
Hazırda yeniləri də var, baxmayaraq ki, mənə bu barədə danışmaq rahat deyil. Çünki mən bu işlə peşəkar şəkildə məşğul olmuram və hətta buna hansısa hobbi belə, deyə bilmirəm. Bunlar, sadəcə mənim duyğularım, hisslərimdir və mən onları bu şəkildə ifadə edirəm.
Hazırda daha bir mahnı da yaranıb – "Sənin şərəfinə, əzizim" (За тебя, любимый). Onu Zara "Slavyan bazarı"nda (Славянский базар) oxuyub. Bu mahnı da Koqanın mahnısı kimi əbədi sevgi mövzusuna həsr olunub.
Başqa hekayələr də var və mən onların müəllifliyinin tamamilə mənə aid olduğunu deyə bilmərəm. Bir neçə ay öncə mən müğənni Katya Lellə tanış oldum və o, mənə öz həyat tarixçəsini danışdı. Bu, məndə dərin təəssürat oyatdı. Demək olar ki, bir gecədə eşitdiklərimi sanki özüm yenidən yaşadım, hiss etdim və duyğularımı mətnə köçürdüm. Səhər bu mətni ona göndərdim. O isə, bu mətnə öz düzəlişlərini elədi və "Tamamilə" (Сполна) mahnısını yaratdı.
"Jara" festivalı – mədəniyyətlərin söhbəti
- Fəal və yaradıcı insan olaraq siz "Jara" festivalını necə qiymətləndirirsiniz?
— Mən bu barədə çox oxumuşam və tanışlardan çox eşitmişəm. Nə qədər ki, mən onun açılışında iştirak etməmişdim, hətta heç beynimə yerləşmirdi ki, söhbət hansı miqyaslardan gedir. Bakının bu miqyasda tədbirə ev sahibliyi etməsi unikaldır. Düzünü desəm, mənə, hətta demək çətindir ki, bunun analoqu varmı?
Birincisi, bu, ona görə unikal bir tarixdir ki, burada müxtəlif ölkələrdən – Rusiya, Azərbaycan, Ukrayna və digər dövlətlərdən artistlər, ifaçılar toplaşır. İkincisi, onlar böyük saydadırlar. Təkcə açılış gecəsində açıq səma altındakı meydançaya 70-dən çox ifaçı toplaşmışdı.
Bundan başqa, bu festivalda xüsusi atmosfer hökm sürür – tamaşaçılarla artistlərin birliyi müşahidə edilir. Festivalın özəlliyi həm də ondadır ki, artistlər bura təkcə oxumaq üçün gəlmir, həmçinin publika ilə, bakılılarla ünsiyyətdə olurlar və bu, həqiqətən də möhtəşəmdir. Mən belə şeyi heç vaxt görməmişəm.
Əlbəttə, belə humanitar əməkdaşlıq çox vacibdir. Və mən çox xoşbəxtəm ki, bu festivalda iştirak etdim. Bu, musiqi, yaradıcılıq, ünsiyyət bayramıdır.
- Bunu Rusiya ilə Azərbaycan arasında özünəməxsus dialoq adlandırmaq olar?
— Dialoq iki tərəf arasında olan söhbətdir. Bu isə elə bir söhbətdir ki, özündə müxtəlif ölkələrin, xalqların və mədəniyyətlərin nümayəndələrini birləşdirir. Və mən əsl multikultural ünsiyyət naminə belə bir platforma yaratmağa müvəffəq olduğu üçün Azərbaycan qarşısında baş əyirəm. Heç bir ölkə və xalq belə bir şeyi düşünə və həyata keçirə bilməzdi.
Milli özəlliklər, milli ənənələr insanları birləşdirməlidir, ayırmamalıdır. "Jara" festivalı göstərir ki, yaradıcılıq insanları necə birləşdirə bilir. Məhz bu mədəniyyət bayramı göstərir ki, bəzən yaradıcı insanlar, incəsənət adamları öz fərdiliyini qorumaqla necə ünsiyyət nümunəsi ola bilirlər və bu, necə zəruridir. Ümid edirəm ki, bu festival hələ uzun illər bizi sevindirəcək və biz hər dəfə insanlarla ünsiyyətdə yeni nəsə əldə edəcəyik.
- "Jara"da ən çox sizin diqqətinizi nə cəlb etdi?
— Xüsusilə o diqqətimi cəlb etdi ki, açılış mərasiminin özü sadəcə konsert deyildi, əsl marafon idi. Musiqili marafon və ünsiyyət marafonu. Mənim diqqətimi hansısa konkret bir məqam yox, bütövlükdə bir neçə saat ərzində çoxmillətli və mədəniyyətlərarası ünsiyyət cəlb etdi.
Artıq növbəti gün şəhəri gəzməyə çıxarkən diqqətimi o cəlb elədi ki, Bakıya "Jara"ya gələn hər kəs gündüzlər muzeyləri gəzir, restoranlarda oturur və nəsə alır. Bu, turizmin inkişafı baxımından da çox vacibdir. Başqa ölkələrdən yüzlərlə artist və tamaşaçının gəlməsi bir şəhər üçün tapıntıdır. Şəhər bununla əlavə turist, maliyyə və emosiyalar axını əldə edir.
Hazırda bu hiss mənə xüsusilə yaxındır. Çünki biz bu yaxınlarda əsl idman bayramına çevrilmiş Futbol üzrə Dünya Çempionatına ev sahibliyi etmişik. Bizə müxtəlif ölkələrdən çox sayda insanlar gəldi və onlar ölkəmizdə turist həyatı yaşadılar. Ona görə də düşünürəm ki, "Jara" festivalına adi konsert kimi baxmaq olmaz. Bu, ölkənin həyatı üçün vacib olan hadisələrdən biri, əsl marafondur.
Bakı çiçəklənir
- Siz tez-tez Bakının qonağı olursunuz. Bizim şəhər və onun sakinləri sizə necə təsir bağışlayır?
— Hesab edirəm ki, mən bura daha tez-tez gəlməliyəm. Bir neçə ildir hər dəfə bura gəlişimdə şəhərin daha da çiçəkləndiyini görürəm. Və mən xoşbəxtəm ki, bu prosesi müşahidə edirəm. Azərbaycan rəhbərliyinin və əlbəttə ki, insanların gücü ilə şəhərin necə özünün daha gözəl simasını qazandığının şahidi oluram. Milli memarlıq abidələri, özünəməxsus memarlıq üslubu ilə açıq səma altında muzey olan İçərişəhər bərpa edilir. Bu, çox maraqlıdır.
Mən bu dəfə Bakıya gələndə anam məsləhət gördü ki, mütləq "Xalça muzeyi"nə baxım. Mən ora 10 dəqiqəlik getdim. Oradakı bütün ekspozisiyalar çox unikaldır. Orada Yaxın Şərqdən olan çoxsaylı turist gördüm. Baxmayaraq ki, onların özlərində də xalça az deyil, xalçaçılıq sənəti onlarda da çox inkişaf edib, onlar da buradakı xalçaları görəndə eynən mənim kimi gördüklərinə heyran olmuşdular.
Mən insanlara baxanda onu da gördüm ki, bakılılar öz şəhərlərini sevirlər və onunla fəxr edirlər. Onların şəhərləri özündə həm tarixi hissəni, həm müasir hissəni, həm də kurort hissəsini birləşdirir.
Bakıda da, Yerevanda da Moskvaya inam var
- Siz burada olanda da öz işinizi davam etdirirsiniz. Odur ki, soruşmaq istəyirik, Moskvanın Qarabağ münaqişəsinin nizamlanması və iki ölkənin, eləcə də xarici işlər nazirlərinin kontaktları ilə bağlı rəyi necədir?
— Moskva Bakı ilə Yerevan arasındakı kontaktları alqışlayır. Və biz səmimi olaraq şadıq ki, iki tərəf arasında kontaktlar razılaşma əsasında davam edir. Biz həmişə iki ölkə arasındakı qarşılıqlı hörmət əsasında dialoqun inkişafına çalışmışıq və bunu alqışlamışıq. Biz həmişə dialoq, iki paytaxt arasında ünsiyyəti stimullaşdırmaq yolu ilə müsbət nəticələr əldə edərək mövcud problemli məsələlərlə bağlı irəli addımlamağın və onu həll etməyin tərəfdarı kimi çıxış etmişik. Rusiya Qarabağ probleminin nizamlanmasında vasitəçidir və həm Ermənistanın, həm də Azərbaycanın dostu olaraq nizamlanmnın baş verməsində maraqlıdır.
- Bu günlərdə Ermənistanın baş naziri Paşinyan bəyan etdi ki, "Rusiyanın Qarabağda müharibəyə imkan verməmək üçün bütün rıçaqları və imkanları var". Moskva bu barədə nə düşünür?
— Mənə elə gəlir ki, bu məsələdə kiməsə istinad etməyə ehtiyac yoxdur. Rusiya tarixən özünü məsuliyyətli vasitəçi kimi aparıb və özünün konstruktiv vasitəçi rolunu dəfələrlə sübut edib. İrəlidə də belə olacaq. Bizim Qarabağ məsələsi ilə bağlı mövqeyimiz dəyişməzdir. Və mənə elə gəlir ki, burada Rusiyanın bu prosesdəki vasitəçiliklə bağlı tarixi təcrübəsini həmişə xatırlamaq lazımdır.
- Rusiyanın Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq siyasəti çərçivəsində Rusiya nümayəndə heyətinin Qarabağa, Cocuq Mərcanlı kəndinə səfərinə münasibətiniz necədir?
— Moskva Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı rəsmi mövqeyini dəqiq şəkildə açıqlayıb. Bu mövqe tutarlıdır. Biz müasir dünyada bütün anlaşmaların necə pozulduğunu görürük. Hələ dünən bu və ya digər konsepsiyanın, ideya və baxışların qızğın tərəfdarı olan dövlətlərin yeni rəhbərləri öz ölkələrinin sənədlərin altındakı imzalarını geri çağırırlar.
Bununla əlaqədar olaraq, illərlə üzərində işlənmiş sənədlər, razılaşmalar, bəyannamələr bir dəqiqənin içində heç nə ifadə etməyən lazımsız kağız parçasına çevrilir. Buna görə də, bu gün dünyada sabitlik üçün ən vacib olan şeylərdən biri də iri dövlətlərin və böyük oyunçuların beynəlxalq məsələlərlə bağlı mövqelərində ardıcıl olmalarıdır. Rusiya da məhz belə dövlətdir.
Bununla belə, biz gözəl başa düşürük ki, demokratik cəmiyyətin mövcud olduğu istənilən ölkədə öz mövqeyini ifadə edən çoxsaylı ekspertlər və siyasətçilər var. Bu, dövlətin mövqeyi deyil, lakin onların öz mövqelərini ifadə etmək hüququ var.
Və hər dəfə Moskvanın rəsmi xətti ilə bağlı suallar ortaya çıxanda siz əmin ola bilərsiniz ki, bizim Qarabağ məsələsində mövqeyimiz qətidir, heç vaxt qeyri-müəyyən olmayıb və üzərindən hansısa oyunların qurulmasına hesablanmayıb. Bütün səylər vasitəçilik rolu üzərində cəmlənib və onun yekun məqsədi qarşılıqlı məqbul razılaşmalara nail olmaqdır. Bakıda da, Yerevanda da bilirlər ki, Moskva bu mənada etibarlı tərəfdaşdır. Tərəflərdə Moskvaya və onun roluna etimad var.
Ən dəhşətlisi passiv müşahidəçi olmaqdır
- Rusiyanın dünyadakı anti-Azərbaycan kampaniyasına münasibəti necədir?
— Həm Rusiya, həm Azərbaycan, həm də postsovet məkanındakı əksər ölkələr hazırda dünyada müxtəlif dövlətlərin təbliğat xarakterli informasiya kampaniyalarının və diskriminasiyaya hesablanmış müxtəlif feyk xəbərlərin obyekti ola bilər. Bu, ümumi problemdir. Və bu məsələnin həllində ümumi yanaşma nümayiş etdirmək çox vacibdir.
Biz bu günlərdə Azərbaycanın Xarici İşlər Nazirliyində məsləhətləşmələr zamanı, məhz bu məsələni müzakirə etdik. Və beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyindən danışdıq. Biz azərbaycanlı həmkarlarımıza Rusiya XİN-in bu işi necə apardığından bəhs etdik.
Təkcə Futbol üzrə Dünya Çempionatı ilə əlaqədar olaraq Rusiya böyük həcmdə gözdənsalma kampaniyasının obyekti oldu. Bizi absurd şəkildə saxtakarlıqdan tutmuş millətçilik və hətta irqçiliyə qədər hər şeydə ittiham etdilər. Bu barədə hətta kifayət qədər ciddi nəşrlər yazırdı. Və onlar bunu bizim haqqımızda — çox sayda xalq və millətin nümayəndələrinin sülh şəraitində yaşadığı bir ölkə haqqında dedilər.
Bu fəaliyyətlərə qarşı zərdab mövcuddur. Bu da fəal mövqe nümayiş etdirərək həmin kampaniyalara cavab verməkdir. Və biz bunu edirik.
Ən dəhşətlisi heç nə etməmək, Rusiya və digər dövlətlər tərəfindən həyata keçirilən böyük beynəlxalq tədbirlərin gözdən salınması üçün ildən-ilə hansı addımların atıldığına passiv müşahidəçi olaraq qalmaqdır. Passivlik həmin informasiya kampaniyaları üçün qidalandırıcı vasitədir.
Azərbaycan bu cür gözdənsalma kampaniyaları ilə iri idman və mədəni tədbirlər keçirərkən üzləşib. Biz hesab edirik ki, bütün bu feyk informasiyalar ictimai şəkildə ifşa edilməlidir. ATƏT, Avropa Şurası kimi ixtisaslaşmış beynəlxalq institutlara məktub yazmaq lazımdır. Söz azadlığı və jurnalist hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış institutlar müntəzəm olaraq Rusiya və Azərbaycanı tənqid atəşinə tuturlar və təəssüf ki, onlar qeyri-obyektiv olurlar.
Bununla əlaqədar olaraq peşəkar beynəlxalq jurnalist ictimaiyyəti ilə işləmək lazımdır. Baş verənlər onların diqqətinə çatdırılmalıdır. Məlumatları toplamaq, videoların, məqalələrin, nəşrlərin arxivini yaratmaq və bununla göstərmək lazımdır ki, müəyyən dövrlərdə bu və ya digər ölkələrə qarşı informasiya təcavüzü baş verir.
Söhbət təkcə ondan getmir ki, bu və ya digər ölkə bundan əziyyət çəkir. Söhbət həm də ondan gedir ki, bu, bütün jurnalist ictimaiyyətinə böyük zərbə vurur. Hər dəfə belə informasiya kampaniyalarına növbəti cəhdlərin edilməsi prosesi fəallaşanda, bu, avtomatik olaraq bütün dünyadakı jurnalistlərin avtoritetinə zərbə vurur. İnsanlar sadəcə jurnalistlərə olan inamı itirirlər.
Əgər siz razılaşırsınızsa ki, demokratik cəmiyyətin əsasını azad kütləvi informasiya vasitələri təşkil edir və jurnalistlərin işi də həvəskar deyil, peşəkar işdir, o zaman bu mühitdə informasiya təcavüzü nöqteyi-nəzərindən nəyin baş verdiyinə diqqət yetirməlisiniz.
Rus dili Azərbaycan üçün yad deyil
- Siz növbəti dəfə Bakıya nə vaxt gəlməyə hazırlaşırsınız?
— Azərbaycan XİN-də keçirilən məsləhətləşmə zamanı biz təkcə gördüyümüz cari işlərin yekunlarından danışmadıq. Biz həm də gələcək planlara, o cümlədən, təkcə ikitərəfli formatla məhdudlaşmayan məsləhətləşmələrin keçirilməsi ilə bağlı məsələlərə də toxunduq.
Ola bilsin, yaxın gələcəkdə biz bu mövzuda daha detallı danışacağıq. Sadəcə onu deyim ki, bizim aramızda informasiya istiqamətində qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı xüsusi müzakirələr oldu. Düşünürəm ki, bununla əlaqədar olaraq tez-tez görüşəcəyik.
Yeri gəlmişkən, məsləhətləşmələr zamanı bizim ölkələrimizdə jurnalistlərin iş mühiti ilə bağlı məsələlərə də toxunuldu. Biz bir sıra ölkələrdə Rusiya KİV-lərinin, rusdilli mətbuat və televiziyaların necə təqib olunduğunu görürük. Azərbaycanda rus dilində oxuyan və yazan insanlara yaradılan şəraiti görəndə sevinməmək olmur. Biz bununla bağlı azərbaycanlı həmkarlarımıza təşəkkürümüzü bildirdik.
Bu, çox müdrik mövqedir. Bu, təkcə Rusiya və həmvətənlərimiz üçün vacib deyil, həm də balanslaşdırılmış bir xətti həyata keçirən Azərbaycanın özü üçün də əlverişlidir, xüsusilə də Rusiya ilə tarixi əlaqələri, Azərbaycanda yaşayan, həm rus dilində, həm də hər iki dildə danışan insanların sayını nəzərə alanda.
Biz Azərbaycan rəhbərliyinin həyata keçirdiyi bu siyasəti qeyd etməyə bilmərik və bununla bağlı həmkarlarımıza da minnətdarlığımızı bildirmişik. Bu siyasəti Azərbaycan xalqı da tam dəstəkləyir.
Eyni zamanda, rus dili Azərbaycan üçün yad dil deyil. Bunu hər şeydən əvvəl ruslar da görür. Bu, bizim ölkələrin insanlarının bir-biriləri ilə ünsiyyət qurması üçün vacibdir. Onlar rus mədəniyyətinə dost münasibəti və eyni ölkədə yaşayarkən üst-üstə yığılmış bu kapitalın qorunduğunu görürlər. Mən hər zaman bu mədəni xəzinənin bir sıra ölkələrdə dağıdıldığını, insanların sadəcə siyasi konyunktura səbəbindən bu cür dildən imtina etdiyini görəndə heyrətə gəlirəm.
- Bəs siz Azərbaycan dilində hansısa sözləri bilirsiz?
— Yox, bilmirəm. Hər halda bu, mənim çatışmayan cəhətimdir. Gələn dəfə bəzi ifadələri öyrənməli və bu dillə bağlı biliklərimi artırmalıyam. Söz verirəm ki, gələn dəfə dediyim kimi olacaq.
- Siz həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Sputnik-in rolunu necə qiymətləndirirsiz? Və siz bizim redaksiyaya nə arzulayırsız?
— Mən sizin redaksiyaya fəal iş, maraqlı həmsöhbətlər, tədbirlər arzulayıram. Arzu edirəm ki, sizə həmişə maraqlı insanlar və nümayəndə heyətləri qonaq gəlsin.
Agentliyin rolu barədə isə onu deyə bilərəm ki, Sputnik-in tələb olunan informasiyaları verməsi özü hər şeyi deyir. Reytinqi, istinad sayı, internet-resursların ziyarət olunma göstəriciləri onu göstərir ki, bütün bunlar nə qədər vacib və maraqlıdır. Mənim fikrimcə, Sputnik-in işi beynəlxalq problemlər də daxil olmaqla daha bir baxış əldə etmək imkanı verir.
Biz müntəzəm olaraq, rusiyalı jurnalistlərin hüquqlarının pozulması ilə bağlı bəyanatlarla çıxış etməli oluruq. Və dərin təəssüf hissi ilə qeyd etməliyəm ki, Sputnik çox tez-tez xarici hücumlara məruz qalır. Bu hücumlar əsassızdır. Çünki heç bir konkret fakta söykənmir.
Jurnalistləri təbliğatçılar, KİV-i isə təbliğat aləti adlandırırlar. Lakin bu ittihamların arxasında heç bir fakt dayanmır. Rusiya XİN, ölkələrdən və təşkilatlardan neqativ reaksiya doğuran materiallarla bağlı soruşanda, heç bir cavab ala bilmir.
Ona görə də, biz sizə uğurlar arzulayırıq. Mən səmimi qəlbdən əminəm ki, Sputnik-in Azərbaycan nümayəndəliyi cazibə və multimedia mərkəzi olacaq.