Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 26 iyul — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 24-də Azərbaycana səfəri zamanı ölkəmizin rəsmi şəxsləri ilə görüşərək başda Dağlıq Qarabağ olmaqla bir sıra vacib məsələləri müzakirə edib. Bütövlükdə Türkiyənin son zamanlar yürütdüyü xarici siyasətindən və Çavuşoğlunun regiona səfərindən nə gözləmək olar? Bu barədə Sputnik Azərbaycan-ın suallarınl Rusiyanın Müasir İdeologiyanın İnkişafı Milli İnstitutunun direktor müavini, politoloq İqor Şatrov cavablandırıb.
— Moskva bu gün Rusiya-Türkiyə və Azərbaycan-Türkiyə münasibətlərini necə qiymətləndirir?
— Rusiya və Türkiyə münasibətləri hazırda özünün yeni inkişaf dövrünü yaşayır. Bununla belə, Moskva Türkiyənin regionda mövqelərini möhkəmləndirməsinə qısqanclıqla yanaşmır. Moskva Ankaranın Qafqazda Rusiyanın baxışlarının əleyhinə olmayan istənilən əlaqələrini alqışlayır.
Bu, eyni zamanda tam anlamı ilə Türkiyə-Azərbaycan əlaqələrinə də aiddir. Bu əlaqələr çoxdankı, dayanıqlı və Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edən Rusiya üçün başa düşüləndir.
— Səfər zamanı Çavuşoğlu dedi ki, Türkiyə İrana qarşı sanksiyaların əleyhinədir. Ölkələr arasında Suriya ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, Türkiyə İrana dəstək verməkdə davam edir. Türkiyə və İranın gələcək münasibətləri barədə nə demək olar?
— İrana münasibətdə Türkiyə ləyaqətli geosiyasi oyunçu olaraq hörmətə layiq ağıl və sağlam düşüncə nümayiş etdirir. Məhz Türkiyənin belə yeni xarici siyasəti rəsmi Moskva ilə Ankara arasında buzları əridir.
Türkiyəyə qarşı etimadsızlığın qalıqları Rusiyada xüsusilə ekspertlər səviyyəsində hələ də mövcuddur. Məsələn, şəxsən mən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cazibəsinə meyl göstərməyənlərə aidəm. Bununla yanaşı, Rusiyanın Yaxın Şərq regionundakı və Suriyadakı maraqlarının ardıcıllığı Türkiyənin də bu məsələlərdə ehtiyatlı və ardıcıl fəaliyyət göstərməsini tələb edir. Məni məhz bu təmin edir.
Belə bir fikir mövcuddur ki, Rusiya-Türkiyə-İran alyansı müvəqqəti xarakter daşıyır və Suriyada islamçıların tamamilə məhvinə qədər davam edəcək. Mənim fikrimcə, bu, daha çox Rusiyanın gələcək fəaliyyətindən asılıdır. Əgər beynəlxalq təhlükəsizlik maraqları bu alyansı saxlamağı zəruri etsə, Moskva Türkiyə və İranla əməkdaşlığı davam etdirmək üçün arqumentlər tapmağa müvəffəq olacaq.
Misal üçün, Rusiya Türkiyə ilə kürdlər arasında münasibətlərdə moderator kimi çıxış edə bilər. Eyni zamanda, İranın Suriyada hərbi iştirakını azalda bilər. Həmçinin bu istiqamətdə türk hərbi mövcudluğu da Moskvanın razılığı olmadan baş verməyəcək.
— Tərəflərin danışıqlarında Qarabağ məsələsinə də toxunulub. Türkiyənin bu problemin həllində rolu arta bilərmi?
— Türkiyə Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, eləcə də Azərbaycan və Ermənistanla birlikdə ATƏT-in Minsk qrupunun üzvüdür. Minsk qrupunun həmsədrləri isə məlum olduğu kimi Rusiya, Fransa və ABŞ-dır. Minsk qrupunun bu formatda fəaliyyətinin effektivliyinə dair suallar mövcuddur. Lakin hazırkı vaxtda Türkiyəyə həmsədr statusunun verilməsi real deyil. Düşünürəm ki, bu, Ermənistanın gələcəkdə danışıqları davam etdirməkdən imtina etməsinə bəhanə ola bilər.
Qrupun formatında dəyişiklik əvvəllər qəbul olunmuş qərarlardan imtina edilməsinə də səbəb olardı. Türkiyə münaqişəni digər həll yolu ilə nizamlamağa qadirdir. Bu isə Ermənistanın yeni hökuməti ilə konstruktiv münasibətlər qurmaqdan keçir. Bildiyim qədər artıq bu istiqamətdə addımlar atılır.
Mənim fikrimcə, Azərbaycan məhz buna görə bu günlərdə Brüsseldə keçirilən NATO sammitinin meydançasında Türkiyə ilə Ermənistan xarici işlər nazirlərinin bir-biri ilə əl tutub görüşməsinə belə sakit yanaşır. Bu pozitiv siqnaldır.