BAKI, 24 iyul — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla bir araya gəlib.
"Report" xəbər verir ki, görüşdə həmçinin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov, İsrailin müdafiə naziri Aviqdor Liberman və digər dövlət rəsmiləri də iştirak ediblər.
Rusiya Prezidenti Vladimir Putinin istəyi ilə reallaşan görüşün detallarına dair rəsmi bir açıqlama verilməyib. İsrail mətbuatı isə görüşdə Suriyanın gələcəyi və İranın Suriyadakı varlığının gündəmə gəldiyini yazıb.
Bildirilir ki, görüşdə Lavrov, Netanyahuya Suriyadakı İran qüvvələrini, İsrail sərhədini təşkil edən işğal altındakı Qolan Təpələrindən 100 kilometr uzaqda saxlamağı təklif edib. Netanyahu isə Lavrovun təklifinə qarşı çıxaraq "Sərhəddən 100 kilometr uzaqda da olsa, İranın bölgəyə yerləşməsinə icazə verməyəcəyik" deyib.