BAKI, 23 iyul — Sputnik. Rusiyada itkin düşmüş 5 yaşlı qızın cəsədi bu gün Serpuxov şəhərində dəmir yolu yaxınlığında idman çantasının içində aşkarlanıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu cinayət hadisəsi ilə bağlı Moskva vilayətinin hüquq-mühafizə orqanları cinayət işi açıb.
"Serpuxov şəhərində dəmir yolu yaxınlığında içində bir gün əvvəl itkin düşmüş qız uşağının cəsədi olan idman çantası tapılıb. Bu cinayət faktı ilə bağlı Rusiya İstintaq Komitəsinin (İK) Moskva vilayəti üzrə müvafiq orqanları RF CM-in 105-ci maddəsi ("Azyaşlının qətlə yetirilməsi") ilə cinayət işi açıb" — deyə RF İK-nın mətbuat xidməti bildirib.
İlkin məlumata görə, qız iyulun 22-də ailəsi ilə birlikdə yaşadığı evin həyətindəki uşaq meydançasından yoxa çıxıb. İK-nın bildirdiyinə görə, hazırda hadisə yerində müstəntiq və kriminalistlərdən ibarət qrup işləyir. Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza təyin edilib.
KİV-də yer alan xəbərlərə görə, uşaq həyətdəki meydançada oynayırmış. Sonra o, birdən-birdən gözdən itib. Uşağın naməlum şəxs tərəfindən qaçırıldığı və öldürüldüyü ehtimal edilir.
Rusiyada uşaqların qaçırılaraq öldürüldüyü barədə çoxsaylı faktlar mövcuddur. Uşaqlara qarşı cinayətləri törədən şəxslər bunu niyə etdiklərinə heç bir ciddi izahat tapa bilmirlər.