Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 23 iyul — Sputnik. Hələ qədim zamanlardan Azərbaycanda xalçaçılıq sənətinə böyük maraq olub. Hələ tunc dövründə meydana gəlmiş Azərbaycan xalçaçılığı inkişaf yolu keçərək dünyaya yayılıb. İndi Amerikanın 19 muzeyində, 10-dan çox qalereyasında və 40-dan yuxarı kolleksiyasında müxtəlif növlü Azərbaycan xalçaları nümayiş etdirilir.
Qarabağ xalçaları Berlin İncəsənət Muzeyinin ən qiymətli eksponatları arasında yer alıb. Nyu-Yorkun məşhur Metropolitan muzeyində XVII-XIX əsrə aid olan Bərdə xalçaları qorunur. Azərbaycan xalçalarının bütün dünya muzeylərini bəzəməsinə baxmayaraq, çox zaman "Qafqaz" və ya "İran" xalçaları adı altında təqdim olunub.
Son illər dövlətimizin bu sahəyə göstərdiyi qayğı nəticəsində xalçaçılıqda yeni dövr başlayıb. Azərbaycan xalçalarının təbliği genişlənib. H.Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın davamlı olaraq gördüyü işlər sayəsində Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur. Bu addım xalçalarımızı indi " Qafqaz", "İran" adı ilə deyil, məhz, Azərbaycan adı ilə tanıdacaq.
Yeni yaradılan xalça emalı müəssisələri sayəsində baba və nənələrimizdən qalan bu sənət yenidən dirçəlməyə başlayıb. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Ağdam rayonunda fəaliyyət göstərən filialında olarkən bunun bir daha şahidi olduq.
İş yerinə daxil olanda dəhliz boyu asılmış xalça şəkilləri, toxuma sexinə girəndə isə xanımların bir-birinə düyün vurduqları ilmələr diqqətimizi çəkdi. Burada yan-yana onlarla hana qurulub. Hər xanada isə iki xanım çalışır. İş prosesi ilə tanışlıq zamanı məlum olur ki, xalça toxumaq elə də asan başa gəlmir. Bir xalçanı başa gətirmək üçün aylarla vaxt sərf olunur. Həm saysız-hesabsız ilmələr vuran barmaqlar inciyir, həm də gözlərin nuru gedir. Xalça toxumaq bu qədər çətin olsa da, xalçaçılarımız işlərini çox sevirlər.
"Azərxalça" ASC-nin Ağdam filialının rəhbəri, Əməkdar mədəniyyət işçisi Ceyran Əliyeva ilə söhbətimiz zamanı məlum olur ki, 1977-ci ildən Ağdam Xalça Fabrikində əvvəlcə toxucu kimi, sonralar isə keyfiyyət nəzarətçisi, kadrlar şöbə müdiri, baş usta vəzifələrində çalışıb. Ağdam Xalça Fabrikinin Bərdədə 10 illik yaşadığı köçkün həyatı zamanı bu müəssisənin direktoru olub.
C.Əliyeva Sputnik Azərbaycan-a xalçaçılığın dünənindən və bu günündən danışır: "Ağdamda xalçaçılığın dərin kökü var, hətta 12-13-cü əsrlərə gedib çıxır. Məşhur Qarabağ xalçaları bütün dünyaya səs salıb. Son iki il ərzində cənab prezidentin sərəncamı ilə xalçaçılığın inkişaf etdirilməsi üçün "Azərxalça"ASC yaradıldı. Birinci 10 rayonda, o cümlədən Ağdamda xalça emalatxanaları tikilib istifadəyə verildi. Artıq burada 80-90 nəfərə yaxın qadın çalışır”.
Qarabağ xalçalarını ermənilər həmişə öz adlarına çıxmağa çalışıblar. Belə bir şəraitdə xalçaçılığın inkişafı üçün yaradılan şəraitin əhəmiyyətini vurğulayır həmsöhbətimiz: "Qarabağda xalçaçılığın inkişaf etdirilməsi həm siyasi, həm də əhalinin işlə təmin olunması baxımından çox vacib məsələ idi. Siyasi cəhətdən ona görə ki, ermənilər Qarabağ xalçalarını, Qarabağ çeşnilərini öz adlarına çıxıb, xaricdə nümayiş etdirirdilər."
C.Əliyeva prezidentə və Mehriban Əliyevaya minnətdarlığını bildirir: "Bizə bu cür gözəl şərait yaradıb. Çox gözəl emalatxanamız var. Bufet, anbar, qonaq otağından ibarət hər cür şəraitə malik olan bina inşa olunub. Bizə bircə qalır ki, Qarabağ xalçalarını toxuyub, inkişaf etdirək”.
“Azərbaycan xalçalarının, o cümlədən Qarabağ xalçalarının qədimliyinin özünə qaytarılmasında, bərpa olunmasında "Azərxalça"nın böyük xidmətləri var. Qarabağ xalçaçılığının naxış quruluşu əsasən heyvan,quş, gül şəkilləri olan ornamentlərdən ibarətdir. Burada həm təbii, həm də həndəsi ornamentlərdə var” – deyir müsahibimiz.
Daha sonra bizə 25 kv.m-lik bir xalçanı göstərərək bildirir ki, xalça vaxtilə Ağdamın Qiyaslı kəndində toxunub: “Bu xalçanın çeşnisini "Azərxalça" tapıb, yeniləyib. Qədim tarixi yenidən yaşadıb. Buna görə "Azərxalça" rəhbərliyinə də minnətdarıq ki, Qarabağ xalçalarının inkişafına çox böyük önəm verir".
C.Əliyeva Qarabağ müharibəsi zamanı, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində Qarabağ xalçaçılarının yaşadığı çətinlikləri də yada salır: "1990-cı ildə Baş Güneypəyədə, Şuşada, Xocalıda, Mərzilidə, Əlimədətlidə, Papravənddə sexlərimiz var idi. Ermənilərin işğalı genişləndikcə biz bu sexləri itirirdik. Sonda Bərdədə yerləşdik".
Söhbət zamanı öyrənirik ki, "Azərxalça" ASC-nin Ağdam filialında 80-dən çox toxucu çalışır. İnzibati işçilərlə bir yerdə işçilərin sayı 100 nəfərə qədərdir. Ancaq filial üçün işçi sayı 150 nəfər nəzərdə tutulub. Bu da o deməkdir ki, işləmək istəyənlər müraciət edə bilərlər.
Xalça sexində işləyənlər arasında Ağdam şəhərində olarkən çalışan toxucular da var. Onların sayı indi 10-12 nəfər təşkil edir. Ağdamın işğalından üzü bəri 25 il ötdüyündən cavanlar yaşlanıb, qocaların da çoxu dünyasını dəyişib.
Ağdamlı xalçaçılar filialın açılışının bir ilini tamam eləməsələr də, 80-82 xalça toxuyublar. Burada işçilərin əmək haqqı görülən işə görə hesablanır. Bir işçi toxuduğu 1 kv.m xalçaya görə 150 manat alır. Elə işçi var ki, ay ərzində kvadrat yarım, eləsi isə 1 kv.m toxuyur. Bu hesabla toxucuların aylıq məvacibi 150-200 manat təşkil edir.
Filial rəhbəri xalçaların satışı ilə bağlı da danışır. Bildirir ki, satışla bağlı qayğılardan tam azaddırlar. Bu iş "Azərxalça" ASC-nin özü tərəfindən həyata keçirilir. Ağdam xalçaçılarının işi tək xalça toxumaqdır.
Ceyran Əliyeva sexdə Qarabağ xalçaları ilə yanaşı Qazax məktəbinə aid xalçaların da toxunduğunu qeyd edir: "Bu regionun xalçalarının çeşnilərində də yaxınlıq var. Əsasən, eyni üslubda toxunur. Qarabağ xalçalarının toxunma üsulu daha asandır".
Ceyran Əliyeva onu da əlavə edir ki, Dağlıq Qarabağ, Ağdamın işğalı ilə bağlı, dünya muzeylərini bəzəyən Qarabağ xalçaçılığı da ağır günlər yaşadı, tənəzzülə uğradı: “Ancaq inanıram ki, Qarabağ xalçaçılığı yenidən inkişaf mərhələsi keçməklə dünyada qazandığı tarixi şöhrətini qaytara biləcək".