BAKI, 20 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin Helsinkidə baş tutan görüş zamanı Ukraynanın Donbas vilayətində böhranın aradan qaldırılması üçün variantlardan biri kimi referendumun keçirilməsini təklif edib. Bu barədə Sputnik Azərbaycan "Bloomberg"-ə istinadən xəbər verir.
Putinin səfirlər və daimi nümayəndələrlə görüşündə iştirak edən mənbə bildirib ki, söhbət beynəlxalq təşkilatların vasitəçiliyi ilə keçiriləcək referendumdan gedir. Referendumda region sakinləri ərazinin statusuna dair öz iradələrini açıqlayacaqlar.
Trampın bu məsələni düşünməsi üçün Putin və Tramp hələlik bu planı ictimaiyyətə açıqlamamağa dair razılığa gəlib.
Qeyd edək ki, iyulun 16-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında təkbətək görüş olub. Görüşü planlaşdırılandan artıq — 2 saat 10 dəqiqə çəkib. Danışıqlarda Rusiya və ABŞ prezidentlərinin iki ölkə arasındakı münasibətlərin perspektivlərini və aktual beynəlxalq məsələləri müzakirə etdikləri bildirilir.
Görüşdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.