BAKI, 2 iyul — Sputnik. Moskvanın hüquq-mühafizə orqanları futbol üzrə Dünya Çempionatının keçirildiyi günlərdə böyük bir qrup "qanuni oğru" ilə izahat yönümlü söhbət aparıb. Söhbət şəhərin mərkəzində çoxsaylı mühafizəçilərlə birlikdə kortejlərlə hərəkət edən "kriminal generallar"dan gedir.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, ölkənin hüquq-mühafizə orqanlarının qorxduğu kriminallar arasında azərbaycanlı "qanuni oğru" Vaqif Süleymanov (Diplomat Vaqif) da olub. Hüquq mühafizəçiləri kriminalların liderlərinə bildiriblər ki, onların bu cür eskortları Dünya Çempionatını canlı izləməyə gələn qonaqları heyrətləndirə bilər.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, son zamanlar bəzi "qanuni oğru"lar özlərini VIP-persona kimi aparmağa başlayıblar. Onlar paytaxt küçələrində zirehli limuzinlərlərlə gəzirlər və onları içində 5-6 mühafizəçi olan bir neçə maşın müşayiət edir. Bu isə şəhərdə hərəkətə mane olur və əhali arasında qorxu yaradır.
Asayiş keşikçiləri bildirirlər ki, bir sıra "qanuni oğrular" münaqişəli vəziyyətdədirlər. Onlar hər an küçənin ortasında silahlı qarşıdurma yarada bilərlər. Odur ki, Dünya Çempionatının keçirildiyi günlərdə onlarla bağlı təhlükəsizlik tədbirlərinin görülməsində hüquq-mühafizə orqanları tamamilə haqlıdır.
Tez-tez kriminal avtoritetlərə bu nümayişkaranə davranışların yersiz olduğu barədə xəbərdarlıq edilsə də, onlar buna əhəmiyyət vermirlər. Mafia başçıları ictimai yerlərə (o cümlədən, restoran və ticarət mərkəzlərinə) də çoxsaylı mühafizəçilərin müşayiəti ilə gedirlər ki, nəticədə çox vaxt mühafizəçilərin iştirakı ilə münaqişələr, qanlı hadisələr baş verir.
Çoxsaylı mühafizəçilərin əhatəsində paytaxtda və ictimai yerlərdə dolaşan "qanuni oğrular" əsasən azərbaycanlı Vaqif Süleymanov (Diplomat Vaqif), gürcülər Dmitri Çanturiya (Miron), Kaxaber Parpaliya (Kaxa Qalski), Elquca Turkadze (Quca Kutaisski), Quram Çixladze (Kvejoyeviç) və erməni Eduard Asatryandır (Edik Osetrin).
Güc strukturları hesab edir ki, dünyanın ən ucqar guşələrindən futbol üzrə Dünya Çempionatını izləməyə gələn qonaqların qanqsterlərin xidmətində olan avtokolonları müşahidə etməsi xoşagələn deyil. Bu səbəbdən də asayiş keşikçiləri "qanuni oğru"ları çağıraraq onlarla ətraflı söhbət aparıblar.
Kriminallar mundial zamanı Moskvada olan əcnəbiləri narahat etməməyə çağırılıb. Onlara tövsiyə edilib ki, öz işlərini mafiozların cəmləşdiyi Moskva ətrafında görsünlər. Bu çağırışı dinləməyən mafiozların cəzaçəkmə müəssisələrinə aparılacağı bildirilib.
Güc strukturları slavyan əsilli "qanuni oğrular"ın əksəriyyətinə hər hansı xəbərdarlıq etməyi lazım bilməyib. Çünki Vladimir Tyurin (Tyurik), Oleq Şişkanov (Şişkan), Vasili Xristoforov (Vasya Voskres) kimi avtoritetlərin heç vaxt mühafizəçilərin çöxluq təşkil etdiyi böyük eskortlarla dolaşdığını görən olmayıb. Onlar adətən cangüdənlərlə gəzmirlər və istisna hallarda onları 2-3 adam müşayiət edir.
"Qanuni oğrular"a bir sıra digər göstərişlər də verilib. Məsələn, bildirilib ki, onların nəzarətində olan qanunsuz dəstələr ortalıqda çox da dolaşmasın və qanqaraçılıq törətməsinlər. Əgər qonaqlarla hansısa kriminal insidenti yaşansa, o zaman onları himayə edən "qanuni oğrular", "kriminal generallar" da şübhəli şəxs qismində nəzarətə götürüləcək.
Hüquq-mühafizə orqanlarından xəbərdarlıq alan "qanuni oğrular" Dünya Çempionatı dövründə demək olar ki, fəaliyyətlərini məhdudlaşdırmaqla fərqlənməyiblər. Onlar müəyyən məhdud dairələrdə öz fəaliyyətlərini davam etdiriblər. Bu kriminalların başında isə erməni qanuni oğru Eduard Asatryan gəlir.
Asatryan 2017-ci ilin sonlarından etibarən digər qanuni oğru Dmitri Çanturiya (Miron) ilə ittifaqa girib. Lakin bu ittifaq kriminal dünyaya bir qədər qəribə görünüb. Çünki Miron Eduard və onun oğlu Sergeyin (Seryoqa Bentli) döyülməsində iştirak edib. Bu səbəbdən də sonuncunun oğru titulu şübhə altına düşüb. Daha sonra Bentlini həbs ediblər. Miron isə öz növbəsində həbsxanaya məktub yazıb ki, Seryoqa Bentlini "qanuni oğru" saymasınlar.
Nəticədə hər iki qanqster öz həmkarlarında xeyli suallar doğurublar. Məsələn, Voskres Mirona haqq qazandırmaq üçün zirehsiz qalıb (Osetrinlə Xristoforovun münasibətləri çoxdandır çox pisdir).
Asatryan bəyanatında özünə haqq qazandırmaq üçün deyib ki, hüquq-mühafizə orqanları onun qarşısında şərt qoyublar. O, ya Mironla sülhə gələrək adam kimi yola getməlidir, ya da onunla birlikdə həbsxanaya. Bundan sonra da həmkarlarının Osetryana münasibəti dəyişməyib.
Qeyd edək ki, Vaqif Süleymanov hazırda Türkiyədə yaşayan azərbaycanlı "qanuni oğru", kriminal dairələrdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qruplaşmasına daxildir. "Quli klanı"nın kölgəsi sayılan Vaqif Səlifovun Moskva vilayətinin Dolqoprudnı rayonundakı "Veqetta" iri meyvə-tərəvəz bazarına nəzarət edir.
Bir müddət əvvəl KİV-də belə bir məlumat yayılmışdı ki, vaxtilə böyük gəlir gətirən (bəzi məlumatlara görə, illik 10 milyard rubl.) "Veqetta"nın təhvil-təslimi gedir. Gəzən söhbətlərə görə, bazara nəzarət elədiyi beş il ərzində Vaqif Süleymanov Cənub dairəsinin bəzi vəzifəli şəxsləri ilə münasibətlər qurub. Biznesə "himayədarlıq" etdiyinə görə etnik qruplaşma hər ay 100 min ABŞ dolları alır.
Vaqif vaxtilə Rusiya mafiyasının "xaç atası" Aslan Usoyanın (Ded Xasan) klanında yer alıb. O, hazırda Rusiyanın kriminal dairələrində "Lotu Quli"nin əsas himayədarlarından biri hesab edilir.