BAKI, 1 iyun — Sputnik. İsrail və Rusiyanın müdafiə nazirləri Aviqdor Liberman və Sergey Şoyqu Moskvada görüş zamanı İranın Suriyadakı mövcudluğunu və bu ölkənin cənubunda gərginliyin azaldılmasını müzakirə ediblər. Spuntik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Harri Koren bildirib.
"Bu səmərəli görüş oldu. Nazir Liberman çox məmnundur. Görüşdə İranın Suriyada hərbi mövcudluğunun detalları, həmçinin ölkənin cənubunda gərginliyin azaldılması müzakirə edilib. Biz məmnunuq" — deyə səfir qeyd edib.
Onun sözlərinə görə, İsrail əmindir ki, Rusiya onları daha çox dinləyir və maraqlarını anlayır: "Rusiya anlayır ki, İsrail hər hansı bir hərbi qarşıdurmada maraqlı deyil. Lakin biz indiyə qədər iranlıların Suriyada göstərdiyi dinamikanı qəbul etməyəcəyik. Əgər onlar Rusiyanın yardımı ilə sakitləşsələr, onda Suriyanın bərpası haqqında danışmaq daha asan olacaq".
Xatırladaq ki, ötən gün İsrailin müdafiə naziri Aviqdor Liberman gözlənilmədən Rusiyaya səfərə gəlib və rusiyalı həmkarları ilə görüş keçirib. Görüşün bir saat yarım çəkdiyi bildirilir.
Qeyd edək ki, ötən gün Suriya lideri Bəşər Əsəd Rusiyanın "RT" nəşrinə müsahibəsində İsrailin bəyanatlarına baxmayaraq, ölkəsində İran hərbçilərinin olmadığını vurğulayıb: "Bizim ərazimizdə İran hərbçiləri yoxdur və heç olmayıb da. Onları axı gizlətmək olmaz. Biz heç bunu gizlətməzdik də".
Bəşər Əsəd vurğulayıb ki, ölkədə İran ordusunun zabitləri var və onlar Suriya ordusuna kömək edir: "İsrailin Suriyada iranlılar barədə yalanını ən çox bu fakt açıqlayır. Bir neçə həftə əvvəl İsrail Hərbi Hava Qüvvələri bizim ərazimizə aviazərbələr endirdi. İddia olunurdu ki, hədəflər İranın hərbi baza və düşərgələridir. Lakin xəsarət alan və ölənlər arasında onlarla suriyalı oldu. Onların arasında bir nəfər də olsun iranlı yox idi. Yəni bütün bu iddialar yalandır".