BAKI, 23 may — Sputnik. "Dəməşq Ankara ilə əlaqələrin bərpa olunacağına ümid edir, lakin bunun üçün Türkiyə rəhbərliyi Suriya ərazisində terrorçuların dəstəklənməsini dayandırmalı və öz qoşunlarını bu ölkə ərazisindən çıxarmalıdır". Sputnik Türkiyə xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Feysal Mikdad bildirib.
Onun sözlərinə görə, Suriya-Türkiyə əlaqələri "siyasi ambisiyaları… onun imperiya barədə xəyallarına görə" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dağıdılıb.
"O, Suriyada silahlı qruplaşmaların dəstəklənməsinin nəticələri barədə düşünmür. O, qonşu ölkəni dağıtdı, Afrin buna bariz nümunədir" — F.Mikdad bildirib.
Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə bağlı sensasion açıqlama ilə yadda qalımışdı. Belə ki, o, illərdir mübarizə apardığı Suriya hakimiyyəti ilə təmas qurula biləcəyini söyləmişdi.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri yanvarın 20-də Suriyanın Afrin bölgəsinin YPG/PKK terrorçularından azad edilməsi məqsədi daşıyan "Zeytun budağı" əməliyyatına başlayıb. Hazırda bölgədə nəzarəti tam ələ alan Türkiyə Silahlı Qüvvələri axtarış-təmizləmə əməliyyatlarını davam etdirir.
Martın 18-də Türkiyə Silahlı Qüvvələri şəhər üzərində nəzarəti ələ keçirdiklərini bildirib. Aprelin 10-da isə Türkiyə müdafiə naziri Nurettin Canikli Afrində terror təhlükəsinin davam etdiyini deyib. Nazir qeyd edib ki, "işimiz bitənə qədər orda qalmağa davam edəcəyik".
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Türkiyə Afrini Suriya hökumətinə təhvil verməlidir" fikrinə gəlincə, Canikli "bölgədəki terror təhlükəsi tamamilə aradan qalxandan sonra Afrini seçilmiş hökumətə təslim edəcəyik"- deyə cavab verib.