BAKI, 20 aprel — Sputnik. Prezident Vladimir Putin və ABŞ prezidenti Donald Tramp iki ölkə arasındakı gərginliklərin silahlı münaqişəyə çevrilməsinə qətiyyən izn verməyəcək. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sputnik-ə müsahibəsi zamanı deyib.
ABŞ-ın koalisiya ilə birlikdə Suriyada həyata keçirdiyi bombardımandan sonra Rusiya ilə ABŞ arasında silahlı münaqişə olacağı ilə bağlı müzakirələrə toxunarkən Lavrov deyib: "Silahlı münaqişə riskindən bəhs edəsi olsaq, orduların, eləcə də prezident Putin və ABŞ prezidenti Donald Trampın buna imkan verməyəcəyinə qətiyyətlə əminəm. Çünki Putin və Tramp xalqları tərəfindən seçiliblər və öz xalqlarının sülh şəraitində yaşamasına görə məsuliyyət daşıyırlar".
Lavrovun sözlərinə görə, Rusiya koalisiyaya xəbərdarlıq edib ki, Suriyada qırmızı xətti keçərsə, bu, prosesin uzanmasına səbəb olacaq. O xatırladıb ki, "troyka" (ABŞ, Fransa və İngiltərə üçlüyü) öz planlarını həyata keçirməyə başlamazdan qabaq, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov, əgər koalisiyanın əməliyyatları nəticəsində rus əsgəri zərər görərsə, cavabın daha sərt və açıq olacağını bildirmişdi.
"Daha sonra ordu liderləri, generallar, bizim təmsilçilərimiz və koalisiya rəhbərliyi arasında təmaslar olub. Bu təmaslar zamanı onlara qırmızı xəttin nələr olduğu izah edilib. Bura həm coğrafi, həm də qurudakı ərazilərdəki qırmızı xətt də daxildir. Nəticələr də bu qırmızı xətlərin keçilmədiyini göstərir" — deyə Lavrov bildirib.
Digər tərəfdən XİN başçısı Rusiya ordusunun yaxın vaxtlarda Suriyadakı raketdən müdafiə sistemlərinin ABŞ, Britaniya və Fransanın atdığı raketlərə mane olduğuna dair sübutların təqdim ediləcəyini də deyib: "Amerikalı həmkarlarımız bütün raketlərin hədəflərə dəydiyini iddia edir. Fransa raketlərinin də hədəflərə dəydiyi bildirilir. Baş Qərargahımız hadisə ilə bağlı konkret faktlara malikdir".
"Baş verənləri anbaan izlədik, canlı göstərdik. Əsgərlərimiz bununla bağlı statistikanı açıqlayıb. Bu səbəbdən də biz açıqlama verməyə hazırıq. Əgər kimsə 105 raketin hədəfə dəydiyini deyirsə, statistikanı göstərməlidir. Bizim sübutlarımız, iddialarımız ən azından əsassız deyil, yaxın vaxtlarda ordumuz tərəfindən təqdim ediləcək" — deyə Lavrov vurğulayıb.
O, Suriyaya "S-300"-lərin göndərilib-göndərilməyəcəyinə də aydınlıq gətirib: "Bu barədə prezidentimiz açıqlama verib. Artıq bu raket əleyhinə müdafiə sistemlərini Suriyaya göndərməmək üçün heç bir mənəvi məsuliyyətimiz qalmayıb. Müəyyən məsuliyyətlərimiz vardı, 10 il əvvəl bunu etməməyə söz vermişdik. Məlum məsələdir ki, tərəfdaşlarımız bunu istəmişdi və biz də nə qədər müdafiə məqsədli olsa da, bu silahların ora daşınmasının gərginliyi artıracağı barədə ehtimalları nəzərə almışdıq. Artıq belə bir mənəvi məsuliyyətimiz qalmayıb".