BAKI, 19 aprel — Sputnik. Forbes jurnalında Rusiyanın ən varlı biznesmenlərinin yeni siyahısı işıq üzü görüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyaya qarşı sanksiyalara və iqtisadiyyatdakı durğunluğa baxmayaraq Rusiyada milyarderlərin sayı artıb. Onların sayı 96-dan 106-ya qalxıb. Onların ümumi varidatı 785 milyard dollardır və il ərzində 25 milyard artıb.
Siyahıda ilk yerdə 19,1 milyard dollar sərvəti olan Vladimir Lisin, ikinci yerdə 18,7 milyard sərvəti ilə "Severstal" şirkətinin idarə heyətinin sədri Aleksey Mordaşov, üçüncü yerə isə 18 milyard dollarlıq sərvəti ilə "Novatek" şirkətinin rəhbəri Leonid Mixelsondur. Ötən il o ilk yerdə idi, amma il ərzində 400 milyon dollar itirib.
İlk onluqda 16,4 milyard dollarlıq sərvəti ilə "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov, 16 milyard dollarlıq sərvəti ilə "Novatek" və "Sibur" şirkətlərinin idarə heyətinin üzvü Gennadi Timçenko, 15,9 milyard dollarlıq sərvəti ilə "İnterros" şirkətətinin prezidenti Vladimir Potanin və digərləri var.
Daha əvvəl Forbes daha çox illik gəlirləri olan Rusiya milyarderlərinin reytinqini hazırlamışdı.
Siyahıda ilk yeri gəliri 2,3 milyard dollar olan Kiril Şamalov tutub.