BAKI, 13 aprel — Sputnik. Birləşmiş Ştatlar Türkiyəyə Rusiyanın zenit raketlərinə alternativ təklif edib və ona Rusiya kompleksini almamağı tövsiyə edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Ceyms Mettis səsləndirib.
Mettis ABŞ Konqresinin Nümayəndələr Palatasında silahlarla bağlı keçirilən dinləmələr zamanı deyib:
"NATO üzvü olan iki ölkənin Türkiyəni raket əleyhinə sistemlərlə təchiz etməsi NATO tərəfindən qəbul olunub. İndi isə bir bölgəyə bir-birinə uyğun gəlməyən raketdən müdafiə sistemləri gətirilir. Və bunun NATO-nun maraqlarına cavab verməsi mümkün deyil".
"Biz bunu dəstəkləmirik, eyni zamanda Türkiyə ilə onun NATO-ya (standartlarına) uyğun gələn sistemlər əldə etməsini təmin edəcək hərbi texnikanı satın alması ilə bağlı variantlara dair danışıq aparırıq", — deyə Pentaqon başçısı əlavə edib.
Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekununa həsr olunmuş mətbuat konfransında bəyan etmişdi ki, Moskva və Ankara S-400 zenit raket kompleksinin Türkiyəyə tədarük müddətini tezləşdirmək barədə razılığa gəliblər.