BAKI, 10 aprel — Sputnik. İngiltərənin Solsberi şəhərində, atası — keçmiş xüsusi xidmət polkovniki Sergey Skripalla birlikdə zəhərlənmiş Yuliya xəstəxanadan evə buraxılıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu "Sky News" telekanalı məlumatlı mənbələrə istinadla yayıb.
Telekanalın məlumatına görə, Yuliya hələ bazar ertəsi xəstəxanadan evə buraxılmalı idi. Lakin mənbə onun həqiqətən də evə buraxılıb-buraxılmadığını dəqiqləşdirməyib. Bu gün Skripalın müalicə həkiminin xəstənin sağlıq durumu ilə bağlı bəyanat verəcəyi gözlənilir.
Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərindəki pizza evlərindən birində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz vəziyyətdə tapılıb. Onları koma vəziyyətində xəstəxanaya gətiriblər. Skripalların naməlum maddə ilə zəhərləndikləri məlum olub.
Britaniya hökumətinin rəyinə görə, onları Rusiya istehsalı olan "Noviçok" adlı zəhərlə zəhərləyiblər. Aprelin 3-də isə müəyyən edilib ki, Böyük Britaniya Porton Daun laboratoriyasının mütəxəssisləri Skripal və qızı Yuliyanın zəhərləndiyi "Noviçok" maddəsinin Rusiya mənşəli olduğunu sübut edə bilməyib. Mütəxəssislər ümumiyyətlə bu maddənin Birləşmiş Krallığa necə gəlib çıxdığını da müəyyən edə bilməyib.
Yuliya və Sergey Skripalın harada və necə zəhərləndikləri aydın deyil. Zəhərin cüzi konsentrasiyasını Skripalın evinin giriş qapısında tapıblar. İnsident nəticəsində daha bir neçə nəfər, eləcə də polislər zərər çəkib. Yuliya Skripal artıq yaxşılaşıb, atasının da vəziyyəti yaxşılaşmaqdadır.
London bu hadisəyə görə Moskvanı günahlandırsa da, bu versiyanın xeyrinə hələlik hər hansı sübut təqdim etməyib. Britaniya, eyni zamanda bu məsələnin Rusiya ilə birlikdə araşdırılması barədə rəsmi Moskvanın təşəbbüslərini də rədd edib. London Moskvaya insidentlə bağlı informasiya verməkdən imtina edir, rusiyalı diplomatlar isə Skripalın yanına buraxılmır.
"Skripal işi" ilə əlaqədar olaraq London Rusiyanın 23 diplomatını ölkədən çıxarıb. Britaniyanın bu addımını bir sıra Avropa Birliyi ölkələri, ABŞ və digər dövlətlər də dəstəkləyib.
Moskva baş verən insidentdə iştirakını qətiyyətlə rədd edir və məsələnin araşdırılması üçün Britaniyaya birgə komissiya yaratmağı təklif edib. Rusiya məsələnin "sirr" kimi saxlanmamasını, yaradılmış komissiyanın tərkibinə digər ölkələrdən də mütəxəssislərin daxil edilməsini istəyir.
Rusiya diplomatların ölkədən çıxarılması addımına qarşı adekvat tədbirlər görüb.